Ukraynanın Mariupol şəhəri növbəti dəfə vəba epidemiyası riski ilə üzləşib.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, 1995-ci ildə Ukraynada ciddi vəba epidemiyası olub və həmin vaxtdan bəri Mariupol da daxil olmaqla, xüsusilə də Azov dənizi sahillərində bir neçə dəfə məhdud miqyaslı epidemiyalar müşahidə edilib.
Qeyd olunub ki, Mariupolda hazırda tibbi xidmətlər böhran səviyyəsindədir və genişmiqyaslı vəba epidemiyası bunu daha da şiddətləndirə bilər.
Məlumatda rusiyalıların işğal etdikləri ərazilərdəki əhalinin ən sadə ictimai ehtiyaclarının qarşılanmasında çətinlik çəkdikləri vurğulanıb: “Təmiz içməli suya çıxış qeyri-sabit olub, internet və telefon xidmətlərindəki pozulmalar davam edir. Xersonda tibbi vasitələrlə bağlı kritik həddə qıtlıq yaşandığı ehtimal edilir, Mariupol isə güclü vəba epidemiyası riski ilə üzləşib. May ayından bəri izolyasiya edilmiş şəhərdə bəzi vəbaya yoluxma halları qeydə alınıb”, – Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.
Bildirilib ki, hazırda Severodonetsk uğrunda döyüşlər davam edir. Ruslar şəhərin böyük əksəriyyətinə nəzarəti əlində saxlasa da, şimalda və cənubda geniş ərazilərin mühasirəyə alınması ilə bağlı çox az nəticə əldə edə bilib.