Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21462 tibb işçisinə, 2372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.
İTSDA-dan APA-ya verilən məlumata görə, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
1.Tibbi profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.
Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
2.Təcili tibbi yardım xidməti göstərən 4967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.
R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.
Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.
Onu da qeyd edək ki, 2372 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.4 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. Sürücü koronovirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 195 manat 12 qəpik müddətli əlavə almalıdır. 195.12 = ((271 / 25) x 6) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələr ödəniləcəkdir.