“Yeni növ koronavirus (COVID-19) infeksiyası bizim üçün oyanış zəngi olmalıdır”.
APA-nın xəbərinə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Assambleyasının virtual formatda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, COVID-19-la bağlı mübarizə beynəlxalq həmrəylik və birlik tələb edir: “Həmrəylik barədə çox ifadələr eşidirik, lakin COVID-19-a qarşı cavab tədbirləri zamanı yetərincə birlik görmürük. Ölkələr COVID-19-a qarşı müxtəlif strategiyalar gerçəkləşdiriblər. Bəzən bu strategiyalar ziddiyyətli olub. İndi biz hamımız bunun əvəzini ödəyirik. Çox ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə məhəl qoymayıb və nəticə etibarilə virus dünyanın hər yerinə yayılıb”.
BMT baş katibinin sözlərinə görə, inkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələrdə xəstəliyin nəticələri daha ağırdır və dünyada koronavirusun yayılması artıb: “Pandemiyanın ilk günündən bəri BMT əsas məqamları vurğulayıb. İlk olaraq daha həssas, inkişaf etməkdə olan ölkələrə, onların səhiyyə sisteminin inkişafına dəstək vermək lazımdır. Biz humanitar addımların atılmasını qeyd etdik. Ruh sağlığına dəstək verilməli, bu istiqamətdə investisiyalar qoyulmalıdır. Bu, böhranın dağıdıcı psixoloji təsiri ilə mübarizə etmək üçün vacibdir. Biz böhranın sosial-iqtisadi nəticələri ilə də bağlı addımlar atmalıyıq. Eyni zamanda biz sağlamlıq və iqtisadiyyat arasında seçim etməməliyik. Əgər virusun yayılmasına nəzarət edə bilməsək, iqtisadiyyatları heç vaxt bərpa edə bilməyəcəyik”.
Quterreş qeyd edib ki, qadınlara, uşaqlara, az gəlirli insanlara və digərlərinə də xüsusi diqqət ayrılmalıdır: “Mən beynəlxalq maliyyə institutlarını inkişaf etməkdə olan ölkələrə dəstək verməyə çağırıram.Post-pandemiya dövründə bərabər, ədalətli iqtisadiyyat və daha dözümlü və dayanıqlı cəmiyyətlər üçün çalışmalıyıq. ÜST-ün rolu COVID-19-la mübarizədə əvəz olunmazdır və təşkilatın xüsusilə inkişaf etməkdə olan ölkələrə dəstəyi təqdirə layiqdir”.