Yayın gəlişi ilə avtomobil bazarında hərəkətlilik müşahidə olunur. AzPost bildirir ki, bu il ən çox diqqət çəkən məqam Çin istehsalı avtomobillərin bazardakı payını sürətlə artırmasıdır.
“Mercedes”, “BMW”, “Audi” kimi performans yönümlü modellər qiymətlərini sabit saxlayır, yapon avtomobillərinə maraq isə əvvəlki kimi yüksək qalır. Lakin bazarın iqtisadi seqmentində ciddi dəyişikliklər var. Əvvəllər daha sərfəli hesab edilən koreya avtomobilləri artıq bu mövqelərini Çin modellərinə uduzmaqdadır.
Çin markaları təkcə qiymət baxımından deyil, zəmanət müddəti, servis şərtləri və texnoloji təchizat baxımından da üstünlüklər təqdim edir. Bu faktorlar alıcıların qərarına birbaşa təsir göstərir. Xüsusilə elektrikli modellərin artan çeşidi və münasib qiymətlərlə təqdim olunması bazara yeni nəfəs gətirib.
Ekspertlər bildirirlər ki, koreya avtomobillərinə tələbatın azalması həm qiymət fərqi, həm texnologiyada geri qalma, həm də dizayn və funksionallıq baxımından yenilənməyə ehtiyacla bağlıdır. Bu avtomobillər artıq bəzi istehlakçılar üçün cəlbedici görünmür.
Buna qarşılıq, performans avtomobillərinin alıcı auditoriyası daha spesifikdir. Bu tip maşınlar fərqlilik, prestij və güc axtaran, adətən maddi cəhətdən imkanlı təbəqəyə mənsub şəxslər tərəfindən seçilir. Bu səbəbdən onların qiymətində dəyişiklik müşahidə olunmur.
Yayın gəlişi ilə rayonlara səyahət planlaşdıran ailələr ailəvi avtomobillərə yönəlir. Lakin yanacaq və ehtiyat hissələrinin qiymətindəki artım bəzi alıcıların seçimlərini dəyişməyə vadar edir. Mövcud tendensiyalara əsasən, bu yay ən çox seçilənlər münasib qiymətə və qənaətcil olan Çin avtomobilləri olacaq.