MEDİA-nın icraçı direktoru “Aljazeera” Media İnstitutunun nümayəndələri ilə görüşüb

-FOTO
21 İyun 2021 - 18:22
21 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda səfərdə olan Aljazeera Media İnstitutunun nümayəndə heyəti ilə görüşüb.
Hər iki tərəfdən nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli formatlarda səmərəli əməkdaşlıq, inkişaf perspektivləri məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
İcraçı direktor Əhməd İsmayılov Media Agentliyinin fəaliyyəti barədə qonaqlara məlumat verib. Vurğulanıb ki, belə səfərlərin təşkili tərəflər arasında əməkdaşlıq platformasının yaradılmasına töhfə olacaq. İkitərəfli dialoqun Azərbaycanda yeni media strategiyasının müəyyən olunmasında əhəmiyyəti qeyd olunub.
Aljazeera Media İnstitutunun Yeni layihələr üzrə meneceri Montaser Maray Azərbaycana səfərdən məmnunluq ifadə edərək, Media Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən silsilə seminarların əhəmiyyətinə toxunub. Bildirilib ki, media sahəsində mövcud problemlərə fərqli perspektivlərdən yanaşmaq üçün təcrübə mübadiləsinin aparılması vacibdir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, gələcəkdə ikitərəfli səfərlərin təşkili planlaşdırılır.