Milli Məclis meşə fondu ərazilərində tikinti işlərinin aparılmasına dair qaydaların dəyişdirilməsini təsdiqləyib. AzPost xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklər şəhərsalma və tikinti sahəsində elektron nəzarət və rəqəmsal idarəetməni genişləndirir.
Yeni qəbul edilən qanun layihəsi bir sıra normativ aktlara – Meşə, Mülki, Vergi məcəllələri, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və digər qanunlara texniki və uyğunlaşdırıcı dəyişikliklər etməklə, tikinti proseslərinin vahid elektron sistem üzərindən həyata keçirilməsini nəzərdə tutur.
2024-cü ildən tam tətbiq edilən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi” vasitəsilə tikinti icazələrinin verilməsi, texniki şərtlərin təqdimatı, istismara qəbul və digər proseslər elektron qaydada həyata keçiriləcək. Bu, prosesi sadələşdirəcək, şəffaflığı və operativliyi artıracaq.
Sistem həmçinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildiyindən, məlumatların Tikintilərin Dövlət Reyestrinə avtomatik ötürülməsi təmin olunur. Artıq sənədlərin surəti və poçtla göndəriş kimi tələblərə ehtiyac qalmır.
Qanunla həmçinin meşə fondunda aparılacaq tikintilərin “Ətraf mühitin mühafizəsi haqqında”, dağ-mədən işlərinin isə “Yerin təki haqqında” qanunlara uyğun şəkildə həyata keçirilməsi tələbi də əlavə olunub.