Meymunlar uşaqlar kimi düşünür?– Alimlərdən maraqlı araşdırma

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, rezus makakaları həndəsi fiqurları tanımaqla bağlı tapşırıqları riyaziyyat təhsili almamış 4–5 yaşlı uşaqlarla təxminən eyni səviyyədə yerinə yetirirlər.

Azpost.info bildirir ki, araşdırmanın nəticələri PNAS elmi jurnalında dərc olunub.

Alimlərin fikrincə, bu nəticə göstərir ki, həndəsi düşüncənin əsasları sonradan öyrənilmir, əksinə, təkamül prosesində beynə formalaşmış şəkildə yerləşdirilib.

Həndəsəni anlama bacarığı riyaziyyatın, məkan təfəkkürünün və istiqamət tapma qabiliyyətinin əsasını təşkil edir. İndiyədək hesab olunurdu ki, bu bacarıq əsasən təhsil və mədəni mühitin təsiri ilə inkişaf edir. Bu fərziyyəni yoxlamaq üçün alimlər heç vaxt məktəbə getməmiş canlıları – rezus makakalarını araşdırıblar.

Təcrübələr zamanı meymunlara müxtəlif həndəsi fiqurlar göstərilib və onlardan digərlərindən fərqlənən fiquru seçmək tələb olunub. Tapşırıqlarda bucaqların, simmetriyanın, paralel xətlərin, eləcə də üçbucaq, kvadrat və dairə kimi əsas fiqurların tanınması yoxlanılıb.

Eyni tapşırıqları xüsusi riyaziyyat hazırlığı olmayan məktəbəqədər yaşlı uşaqlar da yerinə yetiriblər.

Nəticələr göstərib ki, rezus makakaları tapşırıqların əksəriyyətini 4–5 yaşlı uşaqlar səviyyəsində həll edə biliblər.

Lakin daha mürəkkəb və abstrakt həndəsi anlayışlar tələb edən tapşırıqlarda meymunlar yaşca böyük uşaqlardan geri qalıblar. Bu isə onu göstərir ki, həndəsəyə dair ilkin intuitiv anlayışlar dil və mədəniyyətdən asılı olmayaraq mövcuddur, daha mürəkkəb riyazi anlayışlar isə yalnız təhsil və öyrənmə nəticəsində formalaşır.

Tədqiqat müəllifləri hesab edirlər ki, əsas həndəsi fiqurları tanımaq bacarığı insanların və makakaların ortaq əcdadında ən azı 25 milyon il əvvəl formalaşıb. Bu qabiliyyət məkan istiqamətini müəyyənləşdirmək və əşyaları dəqiq tutmaq kimi həyati bacarıqların inkişafı üçün təkamül üstünlüyü yaradıb.

Alimlərin fikrincə, bu araşdırma yeni bir sual ortaya qoyur: İnsan doğulduğu anda, hər hansı təhsil almamışdan əvvəl beynində hansı idrak qabiliyyətləri artıq mövcud olur?

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.