“Microsoft” “Windows 11” sistemindəki performans problemlərinə səbəb olan amilləri araşdıran yeni bir məqalə dərc edib və əsas günahkar kimi ənənəvi antivirus proqramlarını göstərib.
Şirkət bu proqramların sistemə təsiri və əvəzində nə edilməli olduğu barədə təkliflərini bölüşüb.
Texnologiya nəhəngi, 2022-ci ilin sentyabrında istifadəyə verdiyi “Windows 11” versiyası 22H2 ilə birlikdə “Smart App Control” – yəni “Ağıllı tətbiq nəzarəti” xüsusiyyətini təqdim etmişdi. Bu funksiya yalnız təmiz və sıfırdan qurulmuş “Windows 11” sistemlərində aktiv olur. “Microsoft”un fikrincə, bu yeni təhlükəsizlik yanaşması ənənəvi antivirus proqramlarına nisbətən həm daha səmərəli, həm də performans baxımından üstünlüklərə malikdir.
Şirkət bildirir ki, antivirus proqramları sistemdə daimi fon taramaları apardığı üçün cihazın performansını aşağı sala bilər. Məqalədə bu fikir belə ifadə olunur:
“Ağıllı Tətbiq Nəzarətinin üstünlüklərindən biri, kompüterinizin performansına olan təsirinin daha az olmasıdır. Zərərli tətbiqlərin işə salınmasının qarşısını əvvəldən alaraq, aktiv faylların daimi şəkildə taranmasına ehtiyac qalmır. Bu da sistem üzərində daha az yük deməkdir və siz yavaşlama narahatlığı olmadan işləyə və ya oyun oynamağa davam edə bilərsiniz”.
Ənənəvi antivirus proqramlarının isə davamlı şəkildə faylları və prosesləri izlədiyi və bu səbəbdən daha çox sistem qaynaqlarından istifadə etdiyi vurğulanır.
“Smart App Control” yanaşması, şübhəli tətbiqləri heç bir zərər vermədən əvvəl bloklayaraq proaktiv bir təhlükəsizlik tədbiri təqdim edir. Ənənəvi antivirus proqramları isə daha çox reaktiv davranır və yalnız təhdid sistemdə aşkar olunduqdan sonra müdaxilə edir. “Microsoft”un vurğuladığına görə, bu, klassik antivirusların tanınmış təhdidlərin aşkarlanmasında effektiv olsa da, yeni və kompleks təhdidlərə qarşı eyni sürətdə reaksiya verə bilmədiyi anlamına gəlir.
“Microsoft”un bu açıqlamaları, şirkətin “Windows 11” performansını artırmaq üçün ənənəvi antivirus yanaşmalarından uzaqlaşmağa çağırdığını göstərir. Lakin qeyd etmək lazımdır ki, antivirus proqramı istifadə edilməsə belə, bir çox istifadəçi “Windows 11″in performans baxımından “Windows 10” və ya “Windows 7” qədər sürətli olmadığını bildirir. (valyuta.az)