Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti satışı ilə bağlı elan verib.
Bu barədə MİDA-nin mətbuat katibi Diana Dadaşova deyib.
Onun sözlərinə görə, bu elan çərçivəsində mənzilləri satışa çıxarılan layihələrdən biri də Binəqədi Yaşayış Kompleksidir.
“Bugünkü mediatur çərçivəsində Binəqədi yaşayış kompleksində yaradılan şəraitlə tanış olduq. Qeyd edim ki, bu elan çərçivəsində Binəqədi Yaşayış Kompleksi üzrə ümumilikdə 204 mənzil satışa çıxarılır. Amma ümumilikdə Binəqədi Yaşayış Kompleksi 9 və 12 mərtəbəli olmaqla 28 yaşayış binasından ibarətdir. Bu binalarda 1398 mənzil olacaq. Binəqədi Yaşayış Kompleksinin ümumi sahəsi 9 hektardır və bu kompleksin ərazisində yaşayış binaları ilə yanaşı 80 yerlik bir uşaq bağçası və 960 şagird yerlik ümumtəhsil məktəbinin də istifadəyə verilməsi nəzərdə tutulur. Əlavə edim ki, yaşayış kompleksinin ərazisində sosial məişət obyektlərinin, həmçinin uşaq-oyun meydançalarının, istirahət guşələrinin də istifadəyə verilməsi nəzərdə tutulub”, – deyə qurum rəsmisi vurğulayıb.
D.Dadaşova bildirib ki, dekabrın 3-ü həyata keçiriləcək güzəştli mənzillərin satışı zamanı Binəqədi Yaşayış Kompleksi ilə yanaşı Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, eyni zamanda regionlar üzrə yeni layihə olan Yevlax və Şirvan yaşayış komplekslərində yerləşən mənzillərin də satışı həyata keçiriləcək: “Bu elan çərçivəsində ümumilikdə 627 mənzil satışa çıxarılacaq. Mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız güzəştli mənzil sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Gözləmə qaydasında mənzillərin seçimi isə dekabrın 9-da başlayacaq və dekabrın 12-nə kimi davam edəcək. Həmçinin vətəndaşları bu mənzilləri həm öz vəsaiti hesabına, həm də güzəştli ipoteka krediti vasitəsilə də əldə edə bilərlər”.