Milad bayramı bir çox ailələr üçün sevinc və istirahət vaxtı sayılsa da, Britaniyanın bəzi baş nazirləri üçün bu günlər siyasi böhranlar, şəxsi faciələr və ağır sınaqlarla yadda qalıb.
AzPost xəbər verir ki, britaniyalı tarixçi Den Snou XVIII əsrdən bu günə qədər Dauninq-strit 10-da yaşayan baş hökumət rəhbərlərinin ən uğursuz Milad xatirələrini araşdırıb.
Tarixçinin araşdırmasına görə, bir sıra Britaniya baş nazirləri üçün Milad bayramı əsl kabusa çevrilib. Onların bəziləri müharibə məğlubiyyətləri, bəziləri siyasi iflas, digərləri isə şəxsi dramlar və ciddi sağlamlıq problemləri ilə üzləşiblər.
Den Snou tarixi mənbələri araşdıraraq ən ağır Milad günləri yaşayan baş nazirlərin siyahısını tərtib edib.
Bu siyahının əvvəlində 1770–1782-ci illərdə baş nazir olmuş lord Frederik Nort dayanır. Onun “Milad kabusu” 1781-ci ilin noyabrının sonunda Londona ABŞ-ın müstəqillik müharibəsində Yorktaun döyüşündə britaniya qoşunlarının məğlub olması xəbəri çatanda başlayıb. Amerikanın 13 koloniyasının birdəfəlik itirildiyini öyrənən Nort “Aman Allahım, hər şey bitdi” deyə ah çəkib. Tarixçinin sözlərinə görə, o haqlı idi. Həmin Milad mövsümünü siyasi çıxış yolu axtarmaqla keçirən Nort fevral ayında istefa verərək karyerasını Britaniya tarixinin ən ağır hərbi məğlubiyyətlərindən biri fonunda başa vurub.
Ən bədbəxt Milad yaşayan digər baş nazir isə 1827–1828-ci illərdə hökumətə rəhbərlik etmiş Frederik Con Robinson – Qoderiç vikontu olub. Den Snounun qeyd etdiyinə görə, 1827-ci ilin dekabrında o, tamamilə ruhdan düşmüş və psixoloji cəhətdən ağır vəziyyətdə idi. Siyasi böhran onun həyat yoldaşının ciddi psixi pozuntusu ilə üst-üstə düşərək bayram günlərini dözülməz hala gətirmişdi. Yanvar ayında kral IV Corca istefa ərizəsi təqdim edərkən Qoderiç o qədər ağlamışdı ki, kral ona dəsmal verməli olmuşdu. Onun baş nazirliyi cəmi 144 gün çəkib və bu, uzun müddət rekord sayılıb. Tarixçi bu rekordu sonradan Liz Trassın daha qısa müddətli baş nazirliyi ilə geridə qoyduğunu ironik şəkildə xatırladıb.
XX əsrə keçdikdə, Snou 1923-cü ilin dekabrında vaxtından əvvəl seçkilər elan edən Stenli Bolduini xatırladır. O, iqtisadiyyatı canlandırmaq üçün proteksionist rüsumlara mandat almaq istəsə də, hesablamaları iflasa uğrayıb. Balduin parlamentdəki möhkəm çoxluğunu itirib, yanvarda proqramı üzrə səsvermədə məğlub olub və istefa verməyə məcbur qalıb. Beləliklə, Milad həftələri onun üçün ağır siyasi iztirab dövrünə çevrilib.
Tarixçinin sözlərinə görə, bu siyahının ən koloriti fiqurlarından biri isə Uinston Çörçilldir. Den Snou onu “uğursuz Miladlar üzrə lider” adlandırır. 1941-ci ilin dekabrında, ABŞ-ın İkinci Dünya müharibəsinə qoşulmasından sonra Ağ Evə səfəri zamanı Çörçillin prezident Franklin Ruzvelti təsadüfən çətin vəziyyətdə qoyduğu iddia olunur. Rəvayətə görə, Ruzvelt gözlənilməz anda onun otağına daxil olub və Çörçilli çılpaq vəziyyətdə görüb. Bundan əlavə, bəzi məlumatlara görə, Çörçillin Milad dövründə ürək tutmaları da olub ki, bu da müharibə rəhbərliyinin ağır yükünə fiziki əzablar əlavə edib.
Çörçillin partiya yoldaşı və varisi Entoni İden isə 1956-cı ildə Süveyş böhranı fonunda ən ağır Miladını yaşayıb. Dekabrın 20-də o, parlamentə Böyük Britaniyanın münaqişədəki rolu barədə yalan məlumat verib. Tarixçinin qeyd etdiyinə görə, İden həmin vaxt səhhətindəki problemlərə görə güclü dərmanların təsiri altında olub. Bayram günlərində onun hərarəti yüksəlib və 9 yanvarda səhhətini və özünə qarşı qurulduğunu düşündüyü ümumi sui-qəsdi əsas gətirərək istefa verib.
XXI əsrdə isə ən bədbəxt Milad yaşayan baş nazir titulu uğrunda Qordon Braun mübarizə apara bilərdi. Onun 2008-ci il Miladı qlobal maliyyə böhranı fonunda maliyyə sistemini sabitləşdirmək cəhdləri və zəif parlament çoxluğu ilə keçib. Miladdan sonrakı gün səhər oxuduğu qəzet isə vəziyyəti daha da ağırlaşdırıb. “Daily Mail” qəzeti “Qordon Braunu devirmək üçün yeni sui-qəsd” sərlövhəsi ilə çıxmışdı. Qordon Braun həmin dövrü “çox çətin zamanlar” kimi xatırlayır. Den Snou isə bu hekayəni müəyyən mərhəmətlə yekunlaşdırır: “Bəs nə vaxt asan olub ki? Yazıqlar.”