Milli Məclisin sədri İranın Azərbaycandakı səfiri ilə görüşüb –

FOTO
02 Fevral 2021 - 16:34

Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, parlamentin sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir. Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır.

İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır.

Sədr bildirib ki, Azərbaycan ilə İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır. Sədr Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Sahibə Qafarova münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirib ki, bu sahədə tərəflər arasındakı mövcud xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın mütəmadi təmasları ölkələrarası əməkdaşlığın da dərinləşməsinə öz dəyərli töhfəsini verir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ölkəsinin dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini ifadə edib. Bildirilib ki, İran ölkəmizin apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və Milli Məclisin sədrini təbrik edib.

Bildirilib ki, hər iki ölkənin yüksək səviyyəli dövlət rəsmiləri arasında mövcud olan münasibətlər iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir. Heç də təsadüfi deyil ki, əməkdaşlığımız artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Münasibətlərimizin bu səviyyəyə çatmasına parlamentlərimiz də öz layiqli töhfəsini verməkdədir. Deputatlarımız arasında keçirilən görüşlər tərəflər arasında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Qeyd edilib ki, İran gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini intensivləşdirmək, əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər barədə danışılıb.