İki bölgədə keçirilən intensiv proqram çərçivəsində 30 iştirakçı “Böyük Qayıdış”a hazırlıq məqsədilə rəqəmsal bacarıqlar əldə edir.
İyun ayından etibarən Mingəçevir və Bərdədə yerləşən kompüter mərkəzlərində keçmiş köçkünlərin rəqəmsal bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramına start verilib. Təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
2025-ci ilin iyun ayından “Mingəçevir Turizm Kolleci” PHŞ və Bərdə şəhərində yerləşən “General Academy” MMC-nin kompüter mərkəzlərində “Böyük Qayıdış” prosesinə dəstək məqsədilə kompüter təlimlərinə başlanılıb. İki ay müddətində davam edəcək intensiv proqram 30 keçmiş köçkünün əmək bazarına inteqrasiyasını və rəqəmsal biliklərini gücləndirməyi hədəfləyir.
Proqramın ilk günü MS Word proqramı ilə tanışlıq, lent interfeysi və fayl menyusunun əsas funksiyalarının öyrənilməsi ilə yadda qalıb. Təlimçilər Ləman Nəbiyeva və Pərvanə Ağayeva iştirakçılara fərdi yanaşmaqla mövzunu əhatəli şəkildə izah ediblər. Nəticədə hər iki mərkəzdə təlimin ilk günü yüksək motivasiya və fəallıqla keçib.
Bərdə şəhərindəki təlimlər şəhidlərin xatirəsinin anılması və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Xüsusilə vurğulanıb ki, şəhid və qazilərimizin qəhrəmanlığı, vətənə sevgisi sayəsində bu cür sosial təşəbbüslər reallaşır. Bu mənəvi jest tədbirə xüsusi rəsmi ab-hava qatıb.
Proqram çərçivəsində iştirakçılar arasında əlaqə və müzakirəni gücləndirmək məqsədilə “Mingəçevirdə İT təlimi” və “Bərdə yay məktəbi” adlı WhatsApp qrupları yaradılıb. Eyni zamanda, hər təlim gününün sonunda materiallar bu qruplar vasitəsilə paylaşılır.
Təlimlər “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin may ayının 1-dən həyata keçirdiyi “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsi çərçivəsində təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Layihənin rəhbəri Fərman Nəbiyev bildirib ki, iyun ayının sonlarında hər iki bölgədə monitorinq aparılacaq:
“Təlimlərin effektivliyini ölçmək üçün iştirakçılar arasında qiymətləndirmə keçiriləcək. İyulun sonunda uğur qazanan iştirakçılara sertifikatlar təqdim olunacaq.”
Qeyd edək ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ildən etibarən yerli və beynəlxalq donorların dəstəyi ilə keçmiş köçkünlərə yönəlik bir sıra sosial layihələr həyata keçirib. Bunlara məcburi köçkün icmalarında sorğular və maarifləndirmə tədbirləri, məşğulluq ehtiyaclarının araşdırılması, birgəyaşayış mövzusunda məlumatlandırma kampaniyaları və peşə bacarıqlarının artırılmasına yönəlmiş proqramlar daxildir.