MM-in Komitə sədri:

“Təhsil kreditləri çox vacibdir”
13 Mart 2020 - 13:55

“Təhsil kreditləri vacibdir, biz müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Qanunvericilik İşlər Planının müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib ki, kənd yerlərində yaşayanların övladları üçün təhsil kreditləri çox vacibdir: “Bəzi qanunları qəbul etmişik, icra olunmur. 18 yaşına çatmayan uşaqlara siqaret satılmamalıdır, tütün məhsullarının məktəbə yaxın yerlərdə reklamı qadandır. Ancaq qanunvericiliyin bu tələblərinə riayət olunmur”.

Millət vəkili Sahib Alıyev bildirib ki, “İnformasiya haqqında”, Sosial Şəbəkələrlə bağlı qanun layihələri də Qanunvericilik İşlər Planına daxil edilməlidir: “Deputatların statusu məsələsinə yenidən baxılmalıdır. Təhlükəsizlik və Beynəlxalq Əlaqələr komitələrinin qapalı iclaslarına güc strukturlarının rəhbərləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri də dəvət edilməlidir”.