MSK-nın iclası keçirilir- Bu məntəqələrdə seçkinin nəticələri ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ.Məmmədov bildirib ki, T.Poladzadənin müraciəti ilə əlaqədar araşdırma aparılıb və iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. Buna görə də müvafiq Dairə Seçki Komissiyasının (DSK) qərarının qüvvədə saxlanılması təklif olunub.

MSK müraciətin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə lider namizəd Eldar Quliyevdir.

******

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsindən namizədlər Ziya Quliyev, Afiq İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar şikayətçilərlə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciəti hərtərəfli araşdırıb. Dairə üzrə seçki məntəqələrində pozuntular aşkar edilməyib”.

MSK namizədlərin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və bununla bağlı qərar qəbul edib.

*****

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Kamil Paşayevin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, şikayətçi seçki günü həmin dairə üzrə seçki məntəqələrində müşahidə aparılmasına şərait yaradılmadığını iddia edib və dairə üzrə seçkinin ləğv edilməsini xahiş edib. MSK 11 saylı Qaradağ Seçki Dairəsi üzrə seçki məntəqələri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri də araşdırıb. Araşdırma zamanı 2 məntəqə üzrə protokollar götürülüb və müqayisəli şəkildə araşdırılıb. Araşdırma zamanı yalnız 25 saylı məntəqədə seçkinin nəticələrinin seçicilərin iradəsinin ifadə etmədiyi üzə çıxıb.

MSK 11 saylı Qaradağ Seçki Dairəsi üzrə 25 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

*****

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, R. Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK sosial şəbəkələrdə bu məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb, 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb. 

MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

****

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, toplantıda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə,

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli,

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu,

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Sonrakı məqalə

İngiltərə yenidən “mavi pasport”a keçir