MSK-nın iclası keçirilir- Bu məntəqələrdə seçkinin nəticələri ləğv edildi (YENİLƏNİR)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma ilə əlaqədar müvafiq DSK-dan materiallar alınıb və araşdırma materiallarına əlavə edilib: “Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Namizəd tərəfindən təqdim edilən videogörüntülərdə seçicilərin iradəsini əks etdirməyən faktlar aşkar edilməyib. 6 və 7 saylı seçki məntəqələrində isə seçki qanunvericiliyinin tələblərinə cavab verməyən addımlar atılıb. Buna görə də təklif edirəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb, 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.

*****

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsində isə yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rəfullayevanın şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ.Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: “Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib. Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi deputat Sevinc Fətəliyevadır.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, iclasda müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verilib.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saxta sənədlərlə maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib

Sonrakı məqalə

Azərbaycanda mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmləri hazırlanır