Müavinət və təqaüdlər yaxın aylarda artırıla bilər. AzPost xəbər verir ki, bu haqda millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında deyib.
Diqqəti cəlb edən isə əsas odur ki, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 7 milyard 676.4 milyon manat təşkil edəcək. Bu, 2024-cü il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 10.45% çox deməkdir. Fondun gəlirlərinin 7 milyard 617.4 milyon manatı onun büdcə gəlirləri (13.3% çox), 59 milyon manatısa qurumun 2025-ci il yanvarın 1-nə yaranacaq ehtiyatı (74% az) hesabına formalaşmalıdır.
Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq ki, gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9.5% çox – 5 milyard 997.4 milyon manat olacağı nəzərdə tutulub. Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsi öhdəliklərini maliyyələşdirmək üçün ayrılacaq vəsaitsə 29.9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcək.
2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10.45% çox – 7 milyard 676.4 milyon manat təşkil edəcəyi gözlənilir ki, xərclərdə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Belə ki, gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10.5% çox – 7 milyard 408.9 milyon manat olacağı gözlənilir ki, o cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10.5% artaraq 7 milyard 210.5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9.25% çox – 198.4 milyon manat təşkil edəcək.