Bakıda restoranın mühafizəçisi “Rahat” marketin müdir müavinini döyərək burnunu sındırıb.
Hadisə Binəqədi rayonu, M.Davutoğlu küçəsində yerləşən “Rahat” marketdə baş verib.
“Mətin” şadlıq sarayının mühafizəçisi Elnur mağazanın müdir müavini Tamerlanı döyüb. Buna səbəb Tamerlanın Elnurun istəyi ilə 100 manatlıq əsginası xırda əsginaslarla dəyişməməsi olub.
Belə ki, şadlıq sarayındakı toy məclisindən sonra restoranın direktorundan aldığı 100 manatı xırdalamaq üçün marketə gələn Elnur Tamerlandan “yox” cavabı alıb. Elnur restorana geri qayıdandan sonra iş yoldaşı Azadla marketə yenidən gəlib.
Azad iki ədəd pivə almağı və 100 manatı xırdalamağı təklif edib. Onlar marketə gələrək iki pivə alıblar. Tamerlan iki pivənin pulunu 100 manatdan çıxıb. Bu zaman Elnur Tamerlana “mən istəyəndə deyirdin xırdam yoxdu. Sən yaxşı oğlan deyilsən” deyə irad bildirib. Tamerlan isə kassada olan xırda əsginasların özlərinə lazım olduğunu deyib. Bu zaman mübahisə başlayıb. Elnur əvvəlcə Tamerlanın burnunu yumruqla sındırıb. Sonra marketdə olan süpürgə ilə Tamerlana zərbələr endirib. Hadisə nəzarət kameralarına da düşüb.
Elnur marketdən gedəndən sonra Tamerlan da evinə gedib və onun vəziyyətini atası görüb. Atası Tamerlan və digər oğlunu götürərək restorana gəlib. Bu zaman da mübahisə düşüb və Elnuru oradan uzaqlaşdırıblar.
Elnura qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.
Məlum olub ki, Tamerlan əvvəlcə Elnurun üzrxahlığını qəbul etməsə də sonradan onu bağışlayıb.
Məhkəmənin hökmü ilə Elnur şərti cəza alıb. O, istintaq zamanı da ev dustaqlığında idi.
Musavat.com