“Müharibə xərclərinin 80 faizi Avropanın, 20 faizi ABŞ-ın payına düşür”
Mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. Bizsiz Ukrayna ilə bağlı heç bir ikitərəfli danışıqları qəbul etməyəcəyik.
AzPost bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski çıxışında bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Trampla görüş hələ razılaşdırılmayıb: “Zənglər öz yerində…Amma görüş bizim üçün prioritetdir. Yalnız bu görüşlərdən, Putini dayandırmaq üçün plan hazırladıqdan sonra ruslarla danışmağı ədalətli hesab edirəm”.
Zelenski deyib ki, avropalıların da danışıqlar masası arxasında olması Ukrayna üçün də çox vacibdir: “Bu gün müharibə xərclərinin 80 faizi Ukrayna və Avropanın, 20 faizi ABŞ-ın payına düşür. Avropa çox dəstək verir. Amerika, şübhəsiz ki, ən vacib donordur. Əgər onu dünyanın hər hansı ölkəsi ilə müqayisə etsəniz, bizə ən çoxunu verdilər. Biz buna görə minnətdarıq. Amma siz ABŞ-ı Avropa ilə müqayisə edə bilməzsiniz, bu, çox ədalətli olmazdı. Avropa çox sərmayə qoydu, onlar bizə çox kömək etdilər və kömək etməyə davam edirlər, bu vacibdir”.
“Hamı başa düşür ki, danışıqların formatı ABŞ, Ukrayna və Rusiyadır. Bəs Avropa haradadır? Mən çox maraqlıyam ki, Avropa da orada olsun. Bu gün bunun necə olacağını təxmin edə bilmərik, ancaq sizinlə birgə güclü olmalıyıq” -deyə Zelenski vurğulayıb.