Müştəriyə aldığı mənzilə baxmağa icazə vermədilər –“Kristal” yaşayış kompleksində qəribə hadisə

Tikinti şirkətlərinin alıcılarla davranışı ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.

AzPost xəbər verir ki, vətəndaş Nicat Mirqasımov Yasamalda “Kristal” yaşayış kompleksi layihəsindən katlavan mərhələsində aldığı mənzilə baxmaq istəsə də, buna icazə verilmədiyini bildirir.

Şikayətçinin sözlərinə görə, mənzilinə baxmaq üçün tikinti ərazisinə getdiyi zaman ona “abed vaxtıdır, olmaz” deyə maneə yaradılıb. Maraqlıdır ki, həmin anda ərazidə olan bir neçə nəfərin tikinti sahəsinə problemsiz şəkildə daxil olmasına icazə verilib. Bu vəziyyət tərəflər arasında narazılıq və mübahisəyə səbəb olub.

Vətəndaş bildirir ki, növbəti müraciətində isə ona mənzilə girişin guya rəhbərlik tərəfindən qadağan edildiyi deyilib. Lakin hansı rəhbərliyin bu qərarı verdiyi, qərarın hüquqi əsası və yazılı sənədinin olub-olmaması barədə heç bir məlumat təqdim edilməyib.

Şikayətçi tikinti sahəsində çalışan şəxslərin alıcılara qarşı kobud davranış nümayiş etdirdiyini, sualların isə cavabsız qaldığını vurğulayır. Onun fikrincə, mənzil alıcısı olmasına baxmayaraq, öz mülkiyyətinə baxmaq hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir.

Məsələ ilə bağlı hara müraciət edəcəyini bilməyən vətəndaş aidiyyəti qurumlara – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, eləcə də məhkəmə instansiyalarına müraciət etməyi düşündüyünü qeyd edir.

Sosial şəbəkələrdə paylaşılan açıqlamada vətəndaş digər alıcılara da çağırış edərək mənzil alarkən diqqətli olmağı tövsiyə edib. Onun sözlərinə görə, bu cür münasibət alıcılara gələcəkdə daha ciddi problemlər vəd edir.

Məsələ ilə bağlı “Kristal” şirkətinin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb. AzPost qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.