Mütəllim Rəhimli: “Məni üzvülükdən çıxara bilməzlər”

Mütəllim Rəhimli
Mütəllim Rəhimli

“Ədalət Partiyasının yaradıcılarından biri olmuşam”

“Partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər”.

“Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?!”

“Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər”.

Mediada yayılan xəbərə görə, Ədalət Partiyası Ali Məclisinin iclası keçirilib. Məlumata görə, partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib. İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyətdə müzakirə olunub. Həmçinin, Siyasi Şurada partiya sədrinin müavini Mütəllim Rəhimli Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub. Yayılan xəbərlə bağlı Sherg.az-a danışan Mütəllim Rəhimli sözügedən yığıncağın partiya ilə heç bir əlaqəsinin olmadığını deyib. Partiya rəsmisinin sözlərinə görə, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib:

“Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də Təşkilat Komitəsinə keçib. Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Onlar məni üzvülükdən çıxara bilməzlər. Həm də ki, partiya üzvü olmayanları, qohum və dostlarını xahiş-minnətlə ora toplayıb partiya adından qərar verə bilməzlər. Bu, özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura olmadığı halda o necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon Təşkilatının isə belə bir qərarı yoxdur. Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir”.

Qeyd edək ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) bir qrup şəxsin toplantı keçirməsi ilə bağlı məsələni araşdıraraq qərar qəbul edib. Qərarı MNTK sədri Çingiz Abbasov açıqlayıb. Vurğulanıb ki, Ədalət Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası 26 aprel 2025-ci il tarixdə bir qrup şəxsin toplantı keçirməsi təşəbbüsünü və “qərar” qəbul etməsini Nizamnaməyə zidd hesab edir. MNTK sədri aprelin 25-də bununla bağlı təşəbbüskarlardan biri Mehman Əliyevə xəbərdarlıq etmiş və belə tədbirlərin Ədalət Partiyası adından keçirilməsinin yolverilməz olduğunu bildirib. Bununla belə MNTK-nın xəbərdarlığına məhəl qoyulmayıb, Nizamnaməyə zidd hərəkətlər davam etdirilib. Yığıncağa Ədalət partiyasının üzvü olmayan şəxslər dəvət olunaraq, onlarla partiyadaxili məsələlər müzakirəyə çıxarılıb. MNTK bəyan edir ki, 19 aprel 2025-ci ildə Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilmiş, partiyanın növbəti IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və bununla da bütün səlahiyyətlər Təşkilat Komitəsinə keçib. Bundan sonra bu cür təşəbbüslər partiya daxilində pozuculuq fəaliyyəti yaratmağa və ictimaiyyəti aldatmağa xidmət edir. Ədalət Partiyasının MNTK-sı bildirir ki, partiya Nizamnaməsinin 4-cü maddəsində üzvlərin hüquq və vəzifələri göstərilib və hər kəs ona riayət etməyə borcludur”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.