Gecə yuxu zamanı danışmaq bir çox insanlarda müşahidə olunan və əksər hallarda təhlükə yaratmayan bir haldır. Mütəxəssislər bildirirlər ki, yuxuda danışma, tibbi dildə somnilokviya adlanan vəziyyət, beynin yuxu və oyaqlıq mərhələləri arasında keçid zamanı yaranır.
AzPost xəbər verir ki, somnilokviya yuxu zamanı baş verən parasonmiyalardan biri hesab olunur. Bu zaman insan ayrı-ayrı sözlər, anlaşılmaz cümlələr və ya məntiqli ifadələr səsləndirə bilər. Epizodlar bir neçə saniyə və ya dəqiqə davam edə, gecə ərzində bir neçə dəfə təkrarlana bilər. Yuxuda danışan şəxs adətən oyandıqdan sonra dediklərini xatırlamır.
Mütəxəssislərin sözlərinə görə, bu hal beynin tam oyanmadan müəyyən sahələrinin, xüsusilə nitq mərkəzlərinin müvəqqəti aktivləşməsi ilə bağlıdır. Əgər danışma sürətli yuxu fazasında baş verirsə, bu, yuxu məzmunu ilə əlaqəli ola bilər. Dərin yuxu mərhələsində isə bu, qismən oyanma nəticəsində ortaya çıxır.
Statistik məlumatlara əsasən, uşaqların təxminən yarısı, böyüklərin isə təxminən 4 faizi vaxtaşırı yuxuda danışır. Cins fərqi müşahidə olunmur, lakin kişilərdə bu epizodlar daha gur və emosional ola bilər. Uşaqlarda somnilokviya əksər hallarda yaş artdıqca öz-özünə aradan qalxır və müalicə tələb etmir.
Mütəxəssislər qeyd edirlər ki, yuxuda danışma nadir hallarda baş verirsə və yuxunun keyfiyyətinə təsir etmirsə, narahatlıq üçün əsas yoxdur. Lakin bu hal hər gecə təkrarlanırsa, güclü emosional və ya motor narahatlıqla müşayiət olunursa, bu zaman mütəxəssisə müraciət olunması tövsiyə edilir. Belə hallar yuxu apnoesi, narkolepsiya və ya sürətli yuxu mərhələsində davranış pozuntuları ilə əlaqəli ola bilər.
Şübhəli hallarda həkim tərəfindən polisomnoqrafiya müayinəsi təyin edilə bilər. Bu müayinə zamanı beyin fəaliyyəti, tənəffüs, ürək ritmi və bədən hərəkətləri qeydə alınır və yuxu zamanı baş verən pozuntular dəqiq qiymətləndirilir.
Mütəxəssislər yuxuda danışma hallarının azalması üçün yuxu gigiyenasına riayət etməyi tövsiyə edirlər. Daimi yuxu rejimi, yatmazdan əvvəl kofein və alkoqoldan uzaq durmaq, sakit mühit yaratmaq və stressi azaltmaq bu baxımdan faydalı hesab olunur.
Qeyd olunur ki, yuxuda danışma əksər hallarda beynin fəaliyyətinin bir xüsusiyyətidir. Lakin bu vəziyyət həyat keyfiyyətinə təsir edərsə və ya digər əlamətlərlə müşayiət olunarsa, tibbi qiymətləndirmə zəruri sayılır.