Müxalifət partiyaları prezident seçkisinə qatılacaqmı? –Sədrlər açıqlama verdi

Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncamı ölkədə fəaliyyət göstərən siyasi partiyaların bəzilərində normal, bəzilərində isə təəccüblə qarşılanıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev  Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Azpost.info-nun sorğusuna cavab verən siyasi partiya səlahiyyətliləri qeyd ediblər ki, seçkilərdə iştirak edib-etməmək barədə qərarlarını yaxın günlərdə açıqlayacaqlar.

Azərbaycan Milli İstiqlal Partiyasının rəhbəri Arzuxan Əlizadə növbədənkənar seçki qərarı ilə bağlı deyib ki, hakimiyyətin vaxtından əvvəl prezident seçkisi qərarı təəccüblü görünsə də, regionda və dünyada geosiyasi vəziyyət fonunda normaldır: “Hər halda sıradan bir qərar deyil. Amma Azərbaycan yeni reallıqlar yaradıb. Artıq ərazi bütövlüyümüz təmin olunub, suverenliyimiz bərpa edilib. Görünür hakimiyyət yeni dönəm növbədənkənar seçkiləri labüd edib. Açığını deyim ki, növbədənkənar seçki gözlənilirdi. İndi növbədənkənar seçkilərdən sonra referenduma, sonra parlament seçkilərinə gedilə bilər”.

Seçkidə iştiraka gəlincə, AMİP rəhbəri deyib ki, hələlik qərar verilməyib: “Partiyanın aidiyyatı orqanlarının toplantılarını keçirəcəyik, müvafiq qərar verəcəyik. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətin seçki qərarını normal sayır: “Qarabağ qələbəsindən, ərazi bütövlüyümüzün bərpasından sonra İlham Əliyevin reytinqi yüksəlib. Belə vəziyyətdə hakimiyyət seçkiyə gedirsə, bunu təbii sayıram. Ümid Partiyasının seçkidə namizədlə iştirak edib-etməyəcəyinə isə yəqin ki, sabah qərar veriləcək. Bizim partiyada qərarlar nizamnamənin tələbinə uyğun olaraq kollegial şəkildə verilir. Sabah partiyamızın İdarə Heyətinin iclasını keçirəcəyik. Qəbul olunan qərara uyğun yekun rəy olacaq, addım atacağıq”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, növbədənkənar seçki qərarının hansı zərurətdən verildiyini şərh etmək çətindir: “Görünür hakim komandada çoxları da bu qərardan xəbərsizdirlər. Sanki bir qədər susqunluq müşahidə olunur. Hər halda yaxın günlərdə bu barədə hakimiyyət nümayəndələri, hakimiyyətin deputatları açıqlamalar, şərhlər verəcəklər. Bundan sonra məsələlərə münasibət bildirmək nisbətən asan olar”.

“Məncə, prezident seçkilərindən qısa zaman sonra parlament seçkiləri keçiriləcək. Hazırkı gedişat onu göstərir”, – Mirəlioğlu vurğulayıb.

KXCP sədri bildirib ki, rəhbərlik etdiyi təşkilatın prezident seçkilərində namizədlə iştirak etməsi məsələsinə baxılacaq: “Açığını deyim ki, indi bütün siyasi qüvvələr fakt qarşısında qaldı. Qərarı şərh etməklə yanaşı, seçkilərdə iştirak edib-etməmək haqqında nəsə demək də çətindir. Az bir müddətdən sonra seçki keçiriləcək ki, buna hazırlaşmaq çətin görünür. Hər halda strukturları yerli-yerində olan partiyalar qısa zamanda hazırlaşa, seçkidə iştirak edə bilərlər. Elədə də KXCP köklü və strukturları yerində olan təşkilatdır. Sadəcə bunun üçün partiyamızın Ali Məclisi toplanmalıdır, İdarə Heyəti tığışmalıdır, müzakirələr aparılmalıdır. Ondan sonra yəqin ki, qərarımızı ictimaiyyətə açıqlayacağıq”.

REAL Partiyası növbədənkənar seçkiləri təəccüblə qarşılamadığı kimi, seçkilərdə də iştirak etmək qərarındadır. Partiyanın funksioneri bildirib ki, REAL ölkədə keçirilən bütün seçkilərdə iştirak etmək qərarı vermiş təşkilatdır. REAL sədri İlqar Məmmədov isə sosial şəbəkə hesabında belə qeyd edib: “7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində partiyamızın namizədinin olacağını və ya olmayacağını Siyasi Komitə yaxın günlərdə toplaşıb qərarlaşdıracaq. Istənilən halda, bütün seçiciləri səsverməyə qatılmağa çağıracağıq”.

Anar ABDULLA

Azpost.info

 

Əvvəlki məqalə

Qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub

Sonrakı məqalə

“Rusiya hərbi texnologiya sahəsində Çinlə əməkdaşlığa hazırdır”