Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyət və Humanitar Kollecə yeni təyin olunmuş direktor Hicran Əyyubova işçilərə işdən çıxmaları barədə ərizə yazmağı tələb edir.
Bu barədə AzPost-a müraciətində Kollecin dəftərxana müdiri Nigar Haşımlı bildirib.
Onun sözlərinə görə, 15 oktyabr 2024-cü ildə dəftərxana müdiri təyin olunub. Bir il sonra 9 iyul 2025-ci ildə Nicran Əyyubova məktəbə direktor vəzifəsin təyin edilib.
“Təyin olunduqdan bir neçə gün sonra məni çağırdı. Heç bir səbəb olmadan ərizə yazıb işdən xoşluqla çıxmağımı tələb elədi. Mən ona bildirdim ki, himayəmdə iki azyaşlı körpə var. Onun bu təklifindən imtina etdim. Direktor isə təzyiqlərə başladı”- deyə N.Haşımlı bildirib.
Nigar Haşımlının sözlərinə görə, direktor tərəfindən təzyiqlər bu gün də davam edir. O deyib ki,artıq Kollecin bir neçə işçisi direktorun belə təzyiqi ilə işdən çıxıblar: “Xırda bri səhvə görə, yeni gələn işçini işdən çıxma ərizəsi yazmağa məcbur etdi. Onu təhdid etdi ki, xoşluqla ərizə yazmasa Əmək Məcəlləsinin maddəsi ilə azad edəcək, daha başqa yerdə iş tapa bilməyəcək”. Qanuna görə, işçi ərizəsini gün ərzində geri götürmək hüququ olsa da Hicran Əyyubova buna icazə verməyib.
Nigar Haşımlı işdən çıxarılma səbəbini soruşduqda direktor ona deyib ki, büdcədə pul yoxdur, ona maaş verə bilməyəcək: “Halbuki büdcədə kifayət qədər pul var. Necə olur? Ondan əvvəlki rəhbərliyin dövründə büdcədə pul var idi, Hicran xanım gəldikdən sonra büdcə bitdi?!”
Nigar Haşımlı bildirib ki, işdən çıxmaq barədə ərizə yazmaqdan imtina etdiyi üçün maaşa olan əlavəsi kəsilib: “Məndən başqa bütün işçilərə maaşa olan əlavələr yazıldı. Mənə nə əmək məzuniyyətinə, nə də ödənişiz məzuniyyətə çıxmağa icazə verilmir”.
Dəftəxana müdirinin sözlərinə görə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya, Dövlət Əmək Müfəttişliyinə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə məktubla müraciət edib. N.Haşımova pozulan əmək hüquqlarının müdafiə olunmasını gözləyir.
Məsələ ilə bağlı gün ərzində Bakı Dövlət Universitetinin nəzdində olan İqtisadiyyət və Humanitar Kollecİə əlaqə saxlamağa çalışsaq da cavab ala bilmədik.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Qeyd edək ki, iyulun 10-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir sıra yeni rəhbər təyinatları həyata keçirilib. Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Hicran Əyyubova 2006-2022-ci illərdə Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib, 2022-ci ilin dekabr ayından Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru olub. 2024-cü ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.
AzPost