Britaniyada niyə Allah haqqında danışmaq dəbdə deyil? –Kilsəyə getməyən, ruha inanan ingilislər (ARAŞDIRMA)

Britaniyada anqlikan kilsəsi dövlətdən ayrı deyil. Parlamentin Lordlar Palatasında 26 yepiskop var, Kraliça isə kilsənin ali rəhbəri hesab olunur. Məktəblərin çoxunda “kollektiv ibadət” (“act of worship”) – dua oxuma mərasimi həyata keçirilir. Uşaqları bu mərasimdən ancaq başqa dinlərin nümayəndələri və ya ateist olan valideynlərin xahişiylə azad edirlər.

Azpost.info bildirir ki, BBC-nin rus redaksiyasının hazırladığı araşdırmada deyilir ki, hazırda Britaniyada sözün həqiqi mənasında dini böhran yaşanmaqdadır – insanlar kilsəyə getməməyə başlayıblar və bu qurumu günün tələblərinə cavab verməməkdə günahlandırırlar.

Britaniya əhalisinin çox az qismi – 1 faizdən bir qədər çoxu kilsəyə gedir, siyasətçilər və publik şəxslərsə öz dini inancları barədə ümumiyyətlə danışmamağa üstünlük verirlər.

Cənnətə yox, ruha  inananlar

Keşiş və araşdırmaçı psixoloq Conatan Yong deyir: “İbadətə 20 nəfər gələndə özümü çox şanslı hiss edirəm”. O, İngiltərənin cənubundakı Qərbi Sasseks qraflığında yerləşən, əhalisi 150-300 nəfər olan kəndlərdəki üç kilsənin rəhbəridir.

Yong Britaniyada mütəşəkkil dinin tənəzzül etdiyini, gənclərdə dini apatiya olduğunu bildirir.

Ancaq bu o demək deyil ki, britaniyalılar tamamilə Tanrıya inamlarını itiriblər.

“Çoxları hesab edir ki, cənnət və cəhənnəm yoxdur. Bununla belə, onlar ölmüş əzizlərinin ruhlarına inanırlar” – Londondakı Goldsmith Universitetinin professoru Abby Day belə deyir.

Day iki yaş qrupunda – 15 və 50 yaşlı britaniyalılar arasında araşdırma aparıb.

O qeyd edir ki, hər iki qrupun nümayəndələri ölmüş əzizlərinin və yaxınlarının ruhlarına inanmaqla təsəlli tapırlar, amma yeniyetmələr arasında belələri daha çoxdur: “Bu inam yeniyetmələri sakitləşdirir, onlara güc verir. Yaşlılar üçün vacib olansa ölmüş qohumlarının vəziyyətinin yaxşı olduğuna, onların ruhlarının cənnət və ya cəhənnəmdə yox, lap yaxınlıqda olduğuna inanmaqdır”.

2019-cu ildə bazar günü ibadətlərində iştirak edənlərin orta illik sayı 2016-cı ildəki 740 min nəfərdən 690 min nəfərə düşüb. 1960-cı illərdə həmin mərasimlərə Britaniya əhalisinin 3,5%-i gedirdisə, 2019-cu ildə bu göstərici 1%-ə enib.

Hazırda Britaniyada anqlikan kilsəsi üzvlərinin orta yaşı 61-dir, gənclərsə ibadətlərə maraq göstərmirlər.

Dinə onlayn gələnlər

Alimlər müəyyən ediblər ki, pandemiyanın ilk aylarında dünyanın bir çox ölkələrində, o cümlədən Britaniyada “Google” axtarış sistemində “dua” yazanların sayı 50% artıb.

Pandemiya elan olunandan sonra Londonun Trafalqar meydanındakı Müqəddəs Martin kilsəsində onlayn keçirilən ibadətlərə minlərlə adamın qatılması keşişlərin özlərini də təccübləndirib. Müharibə və ya ciddi sosial dəyişikliklər dövründə dinə marağın artması və sonra da kəskin azalması ənənəvi haldır. Araşdırmaçılar əmindirlər ki, indiki artım pandemiyadan sonra azalmayla nəticələnəcək.

“Yaşlı qadınların dini həyatı: anqlikanların sonuncu aktiv nəsli” kitabının müəllifi, araşdırmaçı Abby Day hesab edir ki, 1970-ci illərin adamları öz dinlərini uşaqlarına, onlarsa öz nəvələrinə ötürməyiblər:

“Müsəlmanlarda dinin valideynlərdən uşaqlara ötürülməsi problemi yoxdur. İnanclı müsəlmanların 90%-i dini ailələrindən qəbul ediblər”.

“Yaxşı adam” din deyil

Britaniya Milli Sosial Araşdırmalar Mərkəzinin hesabatına görə, ölkə əhalisinin 50%-i özünü heç bir dinə aid etmir. Britaniyalıların üçdə ikisi isə ümumiyyətlə dini mərasimlərə qatılmır (toylar, yaslar və vaftiz törənləri xaric). Rəyi soruşulanların 63%-i hesab edir ki, din daha çox konfliktlərin artmasına səbəb olur, nəinki sülhün möhkəmlənməsinə.

“Amma bu o demək deyil ki, britaniyalılar kilsəyə nifrət edirlər. Yerli kilsənin təmirə ehtiyacı olanda onlar bərpa üçün yüzlərlə funt sterlinq verməyə hazırdırlar. Bunu hətta kilsəyə heç getməyənlər də edirlər” – Yong belə deyir.

Araşdırmaçı Abby Day müasir dövrün gənclərini “postxristian nəsli” adlandırır: “Postxristianlar gender və seksual bərabərlik haqqında etik mülahizələrdən, sosial bərabərlikdən, iqlim dəyişikliyilə bağlı mübarizədən və mərhəmətdən motivasiya alırlar. Kilsə zəmanəmizin mənəvi problemlərinə cavab verə bilmədi və nüfuzunu itirdi. Gənc nəsil hesab edir ki, kilsə tarixi zorakılıqla doludur və o, rasizmi, homofobiyanı və seksizmi pisləmir”.

Jonathan Yong deyir ki, indi Qərb əxlaqına əməl etmək üçün xristian olmaq vacib deyil: “Yaxşı insan haqqında təsəvvürlər artıq heç də dini təlimlə assosiasiya olunmur. Sən İsanın dediyinə görə yox, yaxşı vətəndaş olduğun üçün, ənənvi ingilis davranışının təzahürü olaraq səxavət göstərirsən. İndi Qərb əxlaqı baxımından yaxşı adam olmaq üçün xristian olmaq vacib deyil”.

Seçkilərdə “God” sözünü işlətməmək

Britaniyada siyasətçilər Allaha inamları barədə ictimaiyyət qarşısında danışmamağa üstünlük verirlər, kamera önündə dua etməyə isə onların çox az qismi razılıq verər.

“Britaniyada siyasətçilər öz inancları barədə danışmasalar, yaxşıdır. Onlar hesab edirlər ki, din mane olur, bölücülüyə və konfliktlərə gətirib çıxarır” – Jonathan Yong belə deyir.

Onin qənaətinə görə, anqlikan kilsəsinin rəhbəri, Canterbury arxiyepiskopu Justin Welby bəlli bir nüfuza malik şəxsdir, amma Rusiya və ABŞ-ın dini liderləri kimi cəmiyyət həyatında əhəmiyyətli rol oynamır: “Mən eksperiment üçün britaniyalılara arxiyepiskopun şəklini göstərib bu adamı tanıyıb-tanımadıqlarını, soyadını bilib-bilmədiklərini soruşmaq istərdim”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir