Nəzir puluna görə qardaşlar 2 məscidi yandırıblar –

Sabirabadda film kimi hadisə
06 İyul 2021 - 13:25

İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscidi yandıranların kimliyi bəlli olub.

DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırdığı məlum olub: “İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırılıb. Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlərin elə həmin kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar.

İlkin istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş. Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər.

Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş. Bu səbəbdən qardaşlar hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.