“Napoleon bizim bir parçamızdır” –Makron imperatorun məzarını ziyarət etdi (FOTO)

Prezident Emmanuel Makron mayın 5-də Napoleon Bonapartın vəfatının 200-cü ildönümündə onun məqbərəsinə əklil qoyub.

Napoleon Fransa tarixində hələ bərkiməmiş Respublikanı devirən və imperiyasını genişləndirmək üçün Avropa boyunca qanlı müharibələr aparan tarixi şəxsiyyət kimi tanınır.

Makrondan əvvəlki prezidentlərin əksəriyyəti Fransanın ən ixtilafçı liderlərindən biri olan Napoleonun xatirəsini yad etməkdən çəkiniblər.

Lakin Sena çayının sahilində əsası Napoleon tərəfindən qoyulmuş Fransa İnstitutunda etdiyi çıxışda Makron deyib ki, tarixlə üzləşməkdən çəkinmək lazım deyil.

Napoleon bəziləri üçün hərbin dahisi, yenilikçi və milli qəhrəmandır. Bir başqaları isə onu imperialist, cahangir və quldar hesab edirlər.

Makron deyib ki, bu ildönümü qeyd olunmaq üçün yox, “maarifləndirici yadetmə” üçündür.

Reuters agentliyi yazır ki, Fransa prezidenti Napoleonun quldarlığı bərpa etmək qərarını “xəyanət” adlandırsa da, onu müasir Fransanın təşəkkülünə kömək etmiş şəxsiyyət kimi təqdir edib:

“Əgər möhtəşəmlik tarixin aşılanmasına tab gətirirsə, bu ona görə baş verir ki, həyat bizim hər birimizdə onun mərhəm əks-sədasını yaşadır. Napoleon bizim bir parçamızdır”.

“Yaşasın Fransa, yaşasın imperator!”

Napoleon 1799-cu ildə, monarxiyanı yıxmış, lakin yetkinləşməmiş demokratiyanı çevriliş yolu ilə devirərək hakimiyyətə gəlib.

Döyüş meydanlarındakı qələbələr onun qüdrətini Avropa boyunca yayıb. Lakin o Vaterlo döyüşündə britaniyalılara məğlub olub.

Fransa və İngiltərə Karib hövzəsində şəkər ticarətinə nəzarət uğrunda döyüşdükləri bir əsnada, Napoleon öz ölkəsində qadın hüquqlarını və Fransa müstəmləkələrində quldarlığın qadağanını ləğv edib.

Lakin usta inzibatçı olan Napoleon Fransanın Cinayət Məcəlləsini və prefekturalardan ibarət inzibati-ərazi bölgüsünü yaradıb, habelə bugünədək fəaliyyət göstərən lisey tipli dövlət orta məktəb sisteminin əsasını qoyub.

Mayın 5-də Napoleonun məqbərəsi qarşısına yığılmış pərəstişkarları “Yaşasın Fransa, yaşasın imperator!” şüarlarını səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı Kamran Balayev Londonun meri postuna namizəddir

Sonrakı məqalə

Rusiya Xocavənddə Njdeyə qoyulmuş heykəlin sökülməsini tələb edib