Rusiya Xocavənddə Njdeyə qoyulmuş heykəlin sökülməsini tələb edib

Dağlıq Qarabağın bir hissəsindəki separatçı qrupun “təhlükəsizlik şurasının” başçısı kimi təqdim olunan Vitali Balasanyan Qaregin Njdenin Xocavənd şəhərindəki heykəlinin sökülməsini təklif edib.

Bu barədə məlumatı mayın 5-də separatçı rejimin başqa bir nümayəndəsi – Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna bildiriblər.

Mkrtçyanın sözlərinə görə, “ağsaqqallar şurası” şəhər sakinlərinin tələbi ilə Balasanyanın təklifini rədd edib.

Müharibədən sonra Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasını tərk etmiş Ovsepyan Azatutyuna deyib ki, dünən (mayın 4-də) təklifi Xocavənddə rədd edilən Balasanyan Njdenin abidəsini “heç olmasa bir neçə günlüyünə” sökməyi xahiş edib və bildirib ki, heykəli 9 mayda Rusiya tərəfi Böyük Vətən Müharibəsində qələbəni qeyd edəndən sonra yerinə qaytarmaq olar: “Onda o ikinci, alternativ təklif verdi ki, heç olmasa üç günlüyünə sökülsün və o vədini yerinə yetirmiş olsun. Vəd, belə görünür ki, Rusiya tərəfinə verilib. Çünki artıq üç gün əvvəl mən Artsaxdan (Dağlıq Qarabağ – red) xəbərdarlıq etmişdim ki, bütün Artsaxda (Dağlıq Qarabağda – red) Njdenin Martunidəki (Xocavənd – red) abidəsini 9 mayadək sökmək istədiklərinə və Rusiya tərəfinin belə bir istək ifadə etməsinə və bunun qarşısının alınması üçün heç bir addım atılmadığına dair söhbətlər dolaşır”.

Azatutyun yazır ki, Rusiya rəsmilərinin Birinci Ermənistan Respublikasının sovet həbsxanasında ölmüş hərbi və dövlət xadimi Qaregin Njdenin tərənnüm edilməsindən narazı olduqları sirr deyil.

Məsələn 2016-cı ilin iyununda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Njdeyə Yerevanda abidə qoyulmasına dair suala cavab verərkən demişdi: “Bizim Böyük Vətən Müharibəsinə münasibətimizi hamı çox gözəl bilir. Bizim nasizmin, neonasizmin, ekstremizmin istənilən formada dirçəldilməsinə və qəhrəmanlaşdırılmasına münasibətimizi də hamı bilir. Bu münasibət beynəlxalq sənədlərdə təsbit edilib. Bizə aydın deyil ki, adı çəkilən abidə niyə qoyulub. Axı biz Böyük Vətən Müharibəsində, II Dünya Müharibəsində erməni xalqının qəhrəmanlığı, bu ölməz qəhrəmanlıq barədə bilirik”.

Azatutyun yazır ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin nümayəndələri, Ermənistandakı Rusiya hərbi bazası və Yerevandakı Rusiya səfirliyi onun zənglərinə cavab verməyiblər.

Azərbaycan prezidenti İlham Əliyev hələ 2019-cu ildə MDB ölkələrinin Aşqabadda keçirilən sammitində “nasistlərlə əməkdaşlıqda ittiham olunan” Qaregin Njdenin Ermənistanda “qəhrəmanlaşdırılmasını” tənqid etmişdi.

Tarixin təftiş edilməsinin və nasizmin tərənnüm olunmasının yolverilməzliyini bəyan edən İlham Əliyev demişdi ki, MDB liderləri faşistlərin qəhrəmanlaşdırılması cəhdlərini daim pisləyiblər: “Çox təəssüf ki, belə bir hal MDB məkanında, Ermənistanın bundan əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində faşıst cəlladı və satqın olan, habelə alman faşistlərinə xidmət edən Qaregin Ter-Arutyunyana heykəl qoyduğu Ermənistanda baş verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Napoleon bizim bir parçamızdır” –

Sonrakı məqalə

Koçaryan və Sarkisyan Ter-Petrosyanın birləşmək təklifini rədd edib –