“Almaniya və İsraili ortaq dəyərlər birləşdirir, lakin Berlin İsraildə hazırlanan məhkəmə islahatlarından narahatdır”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra bildirib.
“İsrailin yaxın dostları olaraq biz davam edən müzakirələri böyük diqqət və narahatlıqla izləyirik, bunu gizlətmirik”, – Şolts deyib.
Öz növbəsində Netanyahu əmin edib ki, İsrail planlaşdırılan məhkəmə islahatlarından sonra da liberal demokratiya olaraq qalacaq: “İsraildə demokratiya güclü və canlıdır, biz ondan bir santimetr də geri çəkilməyəcəyik”.
İsrail Baş naziri rəhbərlik etdiyi hökumətin guya demokratiyanı məhv etmək niyyətində olduğuna dair bütün iddiaları qəti şəkildə rədd edərək, onları “absurd” adlandırıb.
Məhkəmə islahatları 2022-ci ilin sonunda İsraildə hakimiyyətə gələn yeni hökumətin əsas layihələrindən biridir. Yanvarın əvvəlində islahat elan edildikdən sonra kütləvi etirazlar başlayıb və indiyədək davam edir.
Netanyahu və onun koalisiya müttəfiqləri iddia edirlər ki, məhkəmə islahatları İsraildə hökumətin müxtəlif qolları arasında tarazlığı bərpa etmək üçündür. Tənqidçilər bunun qanunun aliliyini pozacağına əmindirlər. Netanyahunun əleyhdarları üstəlik, il yarım müxalifətdən sonra hakimiyyətə qayıdan baş nazirin korrupsiya ittihamı üzrə təqibdən yayınmaq istədiyi qənaətindədir.
Azpost.info