Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəməsi keçirilib.
AzPost Teleqraf-a istinadən xəbər verir ki, prosesdə o, sərbəst ifadə verib.
İ.Elşadqızı bildirib ki, narkoman deyil: “Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, “Tik-tok”da “drel” sözü işlətməsi onun günahı kimi dəyərləndirilib: “Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…”
Prosesdə onun vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Vəsatət təmin olunmayıb.
Növbəti proses iyunun 11-də davam edəcək.