“Rusiya ilə NATO arasında açıq hərbi münaqişə baş verərsə, Moskvanın hədəfləri Qərbdəki qərar qəbuletmə mərkəzləri olacaq”
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib.
“Əgər NATO Rusiya ilə müharibəyə gedərsə, o zaman ölkəmizin bariz hədəfi blok ölkələrindəki müvafiq obyektlər və qərar qəbuletmə mərkəzləri olacaq”, – deputat bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar hətta Alyansa üzv olmayan ölkələrə də təsir edə bilər: “Bu qlobal qarşıdurma domino effekti yaradacaq və hətta Şimali Atlantika Alyansının üzvü olmayan dövlətlərə də təsir edərək bütün dünyada böyük nəticələrə gətirib çıxaracaq. Bununla da dünya təhlükəsizliyinin arxitekturası məhv olacaq”.
Belikin fikrincə, bütün NATO-ya üzv ölkələr yaxşı başa düşürlər ki, açıq hərbi qarşıdurma böyük itkilərə səbəb olacaq:
“Hərbi əməliyyatlar Avropa ərazisində baş verə və bu halda ABŞ öz müttəfiqlərini tərk edə bilər. Blokdakı daxili ziddiyyətlər həm də onunla bağlıdır ki, əməliyyatlar teatrı daha çox Avropada açılacaq və ABŞ tamamilə “əllərini yuya” biləcək. NATO ölkələrinin heç də hamısı münaqişə vəziyyətində özünü müdafiə etməyə hazır deyil, heç də hamısının bunun üçün kifayət qədər vasitə və qüvvəsi yoxdur. Üstəlik, heç də hamı Vaşinqtonun iddia etdiyi kimi, Rusiyanı özünə düşmən görmür”.
Azpost.info