Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il üzrə statistik göstəricilərinə əsasən, muxtar respublikada sağlamlıq imkanları məhdud 2170 uşaq qeydiyyatdadır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 46-sı daun sindromlu uşaqlardır. Daun sindromlu uşaqlardan 24-ü oğlan, 22-si isə qızdır.
Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, onların erkən yaşlardan sosial mühitə uyğunlaşması, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə cəlb olunması məqsədilə bağçalara, ümumtəhsil müəssisələrinə və məktəbdənkənar dərnəklərə yönləndirilməsi təmin edilir. Bunun nəticəsidir ki, daun sindromlu uşaqlar arasında 22 nəfər ümumtəhsil müəssisələrində təhsil alır.
Qeyd edək ki, ölkəmizdə sağlamlıq imkanları məhdud, o cümlədən daun sindromlu uşaqlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə muxtar respublikada mütəmadi olaraq maarifləndirici tədbirlər, sosial layihələr və inklüziv fəaliyyətlər həyata keçirilir.
Eyni zamanda, bu kateqoriyadan olan uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün müxtəlif sərgilər, əl işləri nümayişləri təşkil olunur, onların sosial həyata daha fəal qoşulmasına şərait yaradılır.