“İqtisadiyyatımızın mövcud inkişaf tempi, adambaşına düşən ümumi daxili məhsulun 1 faiz artması bizi qane edə bilməz”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Q. Həsənquliyev görülən işlərə görə təşəkkür edərək bildirib ki, ondan əvvəl çıxış edən həmkarlarının qaldırdığı problemləri həll etmək, xalqın rifahını yüksəltmək və təhlükəsizliyini təmin etmək üçün artan çağırışlara cavab verən güclü və sürətlə böyüyən iqtisadiyyata sahib olmalıyıq.
Milli Məclis üzvünün fikrincə, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və azad bazar iqtisadiyyatına keçid təmin edilməlidir.
“Konstitusiyanın 15-ci maddəsində deyilir ki, dövlət azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 59-cu maddədə göstərilir ki, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. 35-ci maddədə isə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsi dövlətin əsas vəzifələrindən biri kimi qeyd olunur”, – deyə Q. Həsənquliyev bildirib.
Deputat təəssüflə qeyd edib ki, ölkədə dövlət bizneslə məşğul olur və işsizliyin aradan qaldırılması üçün bütün mümkün imkanlardan istifadə edilmir. O, bununla bağlı bir nümunə də göstərib:
“SOCAR Türkiyədə Petkim zavodunu 2,04 milyard dollara alıb. Onun modernləşdirilməsi və genişləndirilməsi üçün əlavə 2 milyard dollar xərclənib. Beləliklə, ümumilikdə 4 milyard dollar investisiya yatırılmış bu müəssisə hazırda milyonlarla dollar ziyanla işləyir. Halbuki həmin investisiya ölkə iqtisadiyyatına yönəldilməli, yeni iş yerləri açılmalı idi. Milli Məclisə və ictimaiyyətə dövlət müəssisələrinin siyahısı və onların rentabelliyi barədə məlumat verilməli, bu rəqəmlər hökumətin hesabatına daxil edilməlidir”.
Partiya sədri əlavə edib ki, İranın raket zərbələri nəticəsində İsrailə işləməyə gedərək tikinti şirkətində çalışan iki gəncin ölüm xəbəri onları sarsıdıb:
“Nə qədər gənc iş dalınca Ukraynaya, Rusiyaya gedir, müharibəyə cəlb olunur və həyatını itirir. Allah hamısına rəhmət eləsin! Bakıda istismar müddəti başa çatmış evlərin, minimal standartlara cavab verməyən gecəqonduların və qəzalı binaların çox olmasına baxmayaraq, tikinti şirkətləri tikintiyə icazə ala bilmədikləri üçün xarici ölkələrə gedirlər. Bu isə mənzil qiymətlərinin artmasına səbəb olur. Təkcə Özbəkistanda azərbaycanlılara məxsus 43 tikinti şirkəti fəaliyyət göstərir”.
Q. Həsənquliyev bildirib ki, 2026–2028-ci illər üçün rəqabətin inkişafına dair Milli Fəaliyyət Proqramı hazırlanır:
“Proqram və plan hazırlamaqla kifayətlənmək olmaz, real iş görülməlidir. 2016-cı ildə iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsi də qəbul edilmişdi. Rəqabətin inkişafı üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Qonşu ölkələrdən İran, Türkmənistan və Azərbaycan bu təşkilata üzv deyil. Halbuki Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistan kimi üzv ölkələr daha yaxşı iqtisadi göstəricilərə malikdir”.
Deputatın sözlərinə görə, Neft Fondunun vəsaitinin bir hissəsi yerli banklarda yerləşdirilməlidir ki, sahibkarların ucuz kreditlərə çıxışı olsun:
“Mülkiyyəti və biznesi qorumaq, ölkə iqtisadiyyatına investisiya yatırılmasını cəlbedici və təhlükəsiz etmək üçün kompleks iqtisadi islahatlar, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilməlidir. İqtisad Məhkəməsinin adının dəyişdirilərək Kommersiya Məhkəməsi qoyulması isə məhkəmə islahatı demək deyil”.
Q. Həsənquliyev sonda vurğulayıb ki, dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoyulmalı və böyük özəlləşdirmə həyata keçirilməlidir:
“Hesabat ilində 236 kiçik dövlət müəssisəsi 135,3 milyon manata özəlləşdirilib. Bu, hər müəssisə üzrə təxminən 500–600 min manat deməkdir. Bu yaxşı haldır, lakin məlum deyil ki, həmin müəssisələr hansı şərtlərlə özəlləşdirilib. Orada iş yerləri qorunubmu, əlavə investisiya qoyulacaqmı