Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neftçala rayonu, Xol Qaraqaşlı kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 130kv.m. olan birmərtəbəli beşotaqlı fərdi yaşayış evində təmir işləri aparılan zaman yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir işləri aparılan ümumi sahəsi 30kv.m. olan otağın qamışdan ibarət tavanı və pəncərə çərçivəsi yanıb. Partlayış dalğasının təsirindən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.