Neftin qiyməti son 6 ildə ən yüksək həddiə yüksəlir –OPEK-də nə baş verir?

OPEC və onun neft hasilatçısı müttəfiqləri arasında danışıqlar qeyri-müəyyən müddətə təxirə salındıqdan sonra neftin qiyməti son 6 ildə ən yüksək həddinə çatıb.

CNBC yazır ki, iyulun 6-da ABŞ neftinin bir barrelinin qiyməti 2014-cü ilin noyabrından bəri görünməmiş həddə – bir barrel üçün 76.98 dollara yüksəlib. Lakin qiymət bu həddə uzun müddət qalmayıb və avqust ayı üçün kontarkt qiyməti 73.37 dollara düşüb. Brent neftinin qiyməti isə 2018-ciu ilin sonlarından bəri ən yüksək həddə, bir barrel üçün 78 dollara çatsa da, gün ərzində 74.53 dollara enib.

OPEC və onun OPEC+ kimi tanınan müttəfiqləri ötən həftə başlanan danışıqlarda ilin sonuna qədər olan müddətdə hasilat strategiyası barədə razılığa gəlməli idilər.

Ötən cümə günü ortada olan təklifə görə avqust ayından dekabradək hər ay bazara əlavə olaraq günə 400 min barrel neft gəlməli idi. Bu, ümumilikdə ilin sonunadək günə 2 milyon barrel edirdi. Bəzi üzvlər hasilat ixtisarının 2022-ci ilədək uzadılmasını təklif etmişdilər.

Lakin bu təkliflər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən qəbul olunmamışdı. BƏƏ qrup üçün günə 2 milyon barrel hasilat artımına razı olsa da, özü üçün daha böyük hasilat payı tələb edirdi. Son dəfə Səudiyyə ilə BƏƏ arasında hasilat mübahisəsi düşəndə, əmirliklər OPEC-i tərk edəcəyi ilə hədələmişdi.

Bundan sonra danışıqların iyulun 5-də davam etdirilməsi barədə qərar olsa da, sonradan bu görüş təxirə salınıb.

OPEC-in baş katibi Məhəmməd Barkindo deyib ki, növbəti görüşün vaxtı barədə müvafiq zamanda qərar qəbul olunacaq.

OPEC+ 2020-ci ilin aprelində hasilatı günə az qala 10 milyon barrel ixtisar etmək barədə tarixi qərar qəbul etmişdi. O vaxt məqsəd kəskin enən neft qiymətlərinin xilas olunması idi. Lakin o vaxtdan bəri qrup hər ay ixtisar barədə görüşlər keçirsə də, üzvlər tədricən barrelləri bazara qaytarırdılar.

BƏƏ-in enerji naziri Süheyl əl-Mazruey iyulun 4-də CNBC-yə bu razılaşmanın onlar üçün əlverişli olmadığını demişdi.

Bu il ərzində neft qiymətlərinin sürəkli yüksəlişi (ABŞ neftinin qiyməti bu il ərzində 57 faiz qalxıb) o demək idi ki, Uol Stritdəki bir çox təhlilçilər ötən həftə qiymətlərin cilovlanması üçün hasilatın artırılması barədə qərarın olacağını gözləyirdilər. İndi isə heç bir konkret qərarın qəbul edilmədiyi şəraitdə ekspertlər qiymətlərin qalxmaqda davam edəcəyini düşünürlər.

Koronavirus pandemiyası dövründə neftin qiyməti bir barrel üçün 20 dollara enmişdi.

The Evening Standard qəzeti yazır ki, hazırda bəzi ekspertlər qiymətin bir barrel üçün 100 dollara çatacağını proqnozlaşdırırlar. Onlar bunu da bildirirlər ki, pandemiyadan dirçəliş dövründə neft qiymətinin artımı iqtisadiyyatlara zərbə ola bilər. Məsələn tikinti sektorunda “material qiymətlərinin sürətli inflyasiyasının” getdiyi, sement, beton, polad və şifer qıtlığının yarandığı bildirilir.

Ekspertlər bildirirlər ki, bütün hallarda neft bazarında tələb böyüyür və bu, hardasa gələn il qiymətləri yenidən sala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FTX Estoniyanın Rusiyadakı konsulunu saxlayıb

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi