ABŞ Konqresinə keçirilən seçkilərdə demokratların qətiyyətli qələbəsi və Vaşinqtonla Tehran arasında danışıqlarda irəliləyiş əldə olunduğuna dair xəbərlər sülh sazişinin imzalanacağına ümidləri artırıb. Bu isə enerji resurslarının qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Brent markalı neft çərşənbə günü 9 faiz ucuzlaşıb. Beləliklə, həftənin əvvəlindən bəri qiymətlərdəki enmə təxminən 20 faizə çatıb. Avropada qaz isə ardıcıl dördüncü gündür ucuzlaşır. Həftənin əvvəlindən onun qiyməti 19 faiz aşağı düşüb.
Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçiriblər. Bu, onlara dövlət xərclərinə daha çox nəzarət etmək imkanı verir və Trampın münaqişəni davam etdirmək imkanlarını məhdudlaşdıra bilər. Ağ Evdə artıq etiraf edirlər ki, respublikaçılar seçkilərdə əsasən İranla müharibəyə və Vaşinqtonu bu müharibəyə başlamağa inandıran İsraillə sıx əlaqələrinə görə məğlub olublar.
“Bizim məğlubiyyətimizin səbəbi müharibədir”, – vitse-prezident Cey Di Vens çərşənbə günü yazıb. O qeyd edib ki, bu münaqişə səbəbindən respublikaçılar Senata nəzarəti ən azı altı il müddətinə itiriblər. “Qəzəblənən və ‘Mən sizə demişdim’ söyləmək istəyənlərə deyirəm: haqlısınız, siz həqiqətən də bizə bunu demişdiniz”.
Ötən həftə 117 dolları keçən Brent markalı neftin bir barelinin qiyməti çərşənbə günü axşam saatlarında 94 dollardan aşağı düşüb. Cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da isə təxminən 96 dollar ətrafında dəyişib. ABŞ-ın WTI markalı nefti çərşənbə günü may ayından bəri ən kəskin ucuzlaşmasını yaşayıb. Hazırda bir barelinin qiyməti 88,6 dollardır.
Dutch TTF qaz fyuçersləri son iki həftənin minimum səviyyəsinə enib. Ötən cümə günü onun qiyməti təxminən 104 avro/MVt-saat (1000 kubmetr üçün 1229 dollar) təşkil edirdi. İranla müharibə başlayandan sonra qazın qiyməti 3,3 dəfə artmışdı. Lakin ABŞ-dakı seçkilərdən sonra qiymət 84 avroya düşüb. Cümə axşamı isə təxminən 88 avro/MVt-saat (1000 kubmetr üçün 1040 dollar) səviyyəsində olub.
“ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qətiyyətli qələbəsindən sonra enerji bazarları ciddi təzyiq altında qalıb. Siyasi mənzərədəki bu dəyişiklik İranla müharibənin dayandırılması istiqamətində səyləri sürətləndirə biləcəyi ilə bağlı ümidlər artır”. – deyə ING analitikləri hesabatlarında yazıblar.
Bununla belə, analitiklərin fikrincə, Avropanın qaz bazarında fundamental vəziyyət hələ də mürəkkəb olaraq qalır. Havanın soyuması ilə əlaqədar şirkətlər anbarlardan qaz götürməyə başlayıblar. Hazırda anbarların doluluq səviyyəsi 74 faizdir. Halbuki son beş ilin orta göstəricisi 90 faiz olub. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada isə qaz ehtiyatları cəmi 61 faiz təşkil edir.
Neft bazarında qiymətlərin ucuzlaşmasına eyni vaxtda bir neçə amil təsir göstərib. İranın atəşə tutma və minalama yolu ilə neft ixracına mane olmaq cəhdlərini gücləndirməsinə baxmayaraq, oktyabr ayında Fars körfəzi ölkələrindən xammal ixracı müharibədən əvvəlki səviyyəni ötüb. Lakin Trampın Konqres seçkilərindən sonra İrana qarşı genişmiqyaslı bombardmanları bərpa edəcəyi ilə bağlı hədələri səbəbindən təklifin artması neft qiymətlərinə təsir göstərməyib.
Demokratların qələbəsi isə vəziyyəti dəyişib. Bundan əlavə, bu həftə Fars körfəzi ölkələrinin fəal vasitəçiliyi ilə Vaşinqton və Tehranın müəyyən güzəştlərə getdiyi və sülh nizamlanmasına doğru ilk addım olacaq bəyanat hazırladığı barədə məlumatlar yayılıb.
BOK Financial Securities şirkətinin ticarət üzrə baş vitse-prezidenti Dennis Kisler “Bloomberg”ə bildirib: “Yaxın Şərqdən neft ixracının artması, eləcə də prezident Trampın yaxın vaxtlarda İrana zərbə endirmək planının olmadığını açıqlaması hələlik neft qiymətlərinə aşağı salıcı təsir göstərir. Demokratların Konqresə nəzarəti ABŞ-ın hərbi xərclərinin azalmasına və müharibənin daha tez başa çatmasına da səbəb ola bilər”.
Lakin Saxo Bank-ın əmtəə bazarları üzrə baş strateqi Ole Hansen xəbərdarlıq edir ki, indi Tehran və Vaşinqton kompromisə getməyə səmimi hazır olduqlarını nümayiş etdirməlidirlər: “Hiss olunan irəliləyiş əldə olunmasa, qiymətlərin indiki kəskin enməsi tezliklə əks istiqamətdə dəyişə bilər”.
S. Abdulla
