“NeoOrdo” layihəsinin təqdimat mərasimi keçirilib

Yanvarın 10-da Sea Breeze istirahət mərkəzində “Aztürk Holdinq” tərəfindən həyata keçirilən “NeoOrdo” layihəsinin rəsmi təqdimat mərasimi baş tutub.

Tədbirdə çıxış edən “Aztürk Holdinq”in vitse-prezidenti Güləli Bağırov layihənin konsepsiyası, məqsədləri və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib. O bildirib ki, “NeoOrdo” müasir yanaşmalara əsaslanan, innovativ həlləri və dayanıqlı inkişaf prinsiplərini özündə birləşdirən strateji layihədir və regionun sosial-iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.

Güləli Bağırov çıxışı zamanı holdinqin beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verdiyini də vurğulayıb. O qeyd edib ki, Çinə həyata keçirilən işgüzar səfərlər çərçivəsində bir sıra aparıcı Çin şirkətləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları və əməkdaşlıq müqavilələri imzalanıb. Əldə olunan razılaşmalara əsasən, Çin şirkətləri Azərbaycanda logistika, səhiyyə və turizm sahələrinə investisiya yatırmaq niyyətindədirlər. Bu əməkdaşlıqların ölkəyə qabaqcıl texnologiyaların cəlb olunmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və ümumi iqtisadi potensialın daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Təqdimat mərasimində iştirak edən dövlət qurumlarının nümayəndələri də çıxış edərək “NeoOrdo” layihəsinin ölkənin iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda layihənin müasir şəhərsalma yanaşmalarının tətbiqi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması baxımından mühüm rol oynayacağı qeyd olunub.

Çıxışının sonunda Güləli Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlı fikirlərini xatırladaraq, dövlət başçısının iki ölkə arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə verdiyi xüsusi əhəmiyyəti vurğulayıb. Bildirilib ki, “Aztürk Holdinq”in beynəlxalq miqyaslı layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycan–Çin əməkdaşlığının praktiki müstəvidə daha da dərinləşməsinə xidmət edir.

Rəsmi hissədən sonra qonaqlar layihə ilə bağlı təqdimat materialları ilə tanış olub, fikir mübadiləsi aparıblar. Tədbir qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlərə dair müzakirələrlə davam edib.

“NeoOrdo” layihəsi “Aztürk Holdinq”in innovasiya və uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir və regionda yeni imkanların yaradılmasını hədəfləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.