Niderlandlı avtomobil sahibləri BMW konsernini məhkəməyə verməyə hazırlaşırlar. AzPost Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat Niderland İstehlakçılar Assosiasiyasının saytında yer alıb.
Məlumata görə, iddianın səbəbi BMW-nin dizel mühərrikli avtomobillərində istifadə olunan proqram təminatıdır. Avtomobil sahibləri bildirirlər ki, şirkət bu proqram vasitəsilə avtomobillərin ekoloji cəhətdən təmiz olduğuna dair yanlış təsəvvür yaradıb.
Assosiasiyanın açıqlamasında qeyd olunur ki, BMW istehlakçıları yanıdaraq dizel mühərrikli avtomobillərin ekoloji göstəricilərini süni şəkildə yaxşılaşdırıb.
Fondun apardığı araşdırmalar nəticəsində məlum olub ki, testlər zamanı proqram təminatı azot emissiyasının miqdarını süni şəkildə azaldır. Bu nəticələr sonradan BMW avtomobillərinin guya “daha təmiz” mühərriklərə malik olduğu kimi təqdim edilib.
İstehlakçılar bu vəziyyətin onların aldadılmasına səbəb olduğunu bildirir və şirkətdən məsuliyyət tələb edirlər. Hazırda məsələ Niderland məhkəməsinin baxışındadır.