Bir çoxumuz yaş artdıqca eyni sualı özümüzə veririk: “Daha dünən yay idi, bu gün isə artıq qış gəlib”. Zamanın belə sürətlə ötüb keçməsi fenomeni uzun illər elm üçün müəmmalı qalsa da, nəhayət, alimlər bu barədə maraqlı açıqlama yayıblar.
Azpost.az xəbər verir ki, Kanzas Universitetinin apardığı tədqiqat nəticəsində məlum olub ki, insan yaşlandıqca vaxtın daha sürətli keçməsi nə təqvimlə, nə də həyat rutinləri ilə bağlıdır. Əsl səbəb beynimizin işləmə mexanizmi və başımıza gələn hadisələrin xarakterindədir.
Tədqiqat zamanı alimlər 2500-dən çox könüllünün iştirakı ilə dörd fərqli eksperiment aparıblar. Nəticələr göstərib ki, insan həyatı daha mənalı, uğurlu və inkişafla dolu keçirdiyi dövrlərdə zaman daha sürətli ötüb keçirmiş kimi qəbul olunur. Əksinə, monoton dövrlər isə o qədər də yığcam görünmür.
Alimlər bu hadisəyə iki fərziyyə ilə izah gətirirlər:
Böyümə-immersiya nəzəriyyəsi və böyümə-nostalgiya hipotezi. Birincisinə görə, insan həyatda intensiv inkişaf etdiyi zaman, hadisələrə tam immersiya olur və vaxtın necə keçdiyini hiss etmir. İkinci hipotez isə qeyd edir ki, geriyə baxdıqda daha dəyərli və yaddaqalan anlar bizə sürətlə ötüb keçmiş kimi görünür.
Duke Universitetinin alimləri isə bu fenomenə neyrobioloji prizmadan yanaşıb. Onların fikrincə, insan beyninin yaşla işləmə sürəti azalır və nəticədə zaman qavrayışımız dəyişir. Uşaqlıqda hər gün yeni məlumat və təəssüratlarla dolu olduğu üçün uzun görünür. Yetkin yaşlarda isə yeniliklər azalır, beyin informasiyanı daha yavaş emal edir və illər daha qısa təsir bağışlayır.
Neyropsixoloq Kristofer Buer qeyd edir ki, “Zaman qavrayışı təkcə psixoloji deyil, həm də bioloji prosesdir. Beyin yaşlandıqca yavaşlayır və bu səbəbdən də təcrübələrin emalı azalır. Həyatın sürətlə keçməsini istəməyənlər daim özlərini yeni təcrübələrlə sınamalıdır”.
Alimlər isə insanlara tövsiyə edir: əgər zamanın sürətlə ötüb keçdiyini hiss edirsinizsə, bu, həyatınızın mənalı və dolu olduğunun göstəricisidir.