ABŞ-da fəaliyyət göstərən Venus Aerospace şirkəti gələcəyin aviasiya texnologiyasını gerçəyə çevirməkdə israrlıdır. AzPost bildirir ki, Texasda yerləşən bu startap Nyu-Yorkdan Londona cəmi 55 dəqiqəyə uçuş təmin edəcək hipersəsli Stargazer təyyarəsi üzərində çalışır. Məlumat şirkətin rəsmi saytında dərc edilib.
Qeyd edək ki, Nyu-York ilə London arasındakı məsafə 5567 kilometr, Nyu-York və Paris arasındakı məsafə isə 5833 kilometr təşkil edir. Layihənin əsas üstünlüyü isə təyyarənin Mach 4 (saatda 4939 kilometr) kreyser sürətinə çatmasıdır ki, bu da səs sürətindən dörd dəfə yüksək göstəricidir.
Məlumata görə, Venus Aerospace artıq fırlanan detonasiya raket mühərriki ilə ilk sınaqları Nyu-Meksiko ştatında uğurla başa çatdırıb. Bu sistem ənənəvi yanmadan fərqli olaraq partlayış dalğaları vasitəsilə hərəkət qüvvəsi yaradır və təyyarəyə hipersürət qazandırır.
İnnovativ mühərrikin Stargazer modelinə inteqrasiyası sayəsində Nyu-York və Paris arasındakı məsafə də 60 dəqiqədən az müddətdə qət ediləcək. Mütəxəssislər bu layihəni müasir aviasiya sənayesində əsl inqilab hesab edirlər.