“Nyu-Yorku dəhşətli hadisələr gözləyir“.
AzPost-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Demokrat Zöhran Məmdaninin Nyu-York şəhər meri seçkilərində qələbəsinə kəskin reaksiya verib. Prezident şəhəri “dəhşətli nəticələrin” gözlədiyini və sakinlərin səsvermə nəticələrinə görə artıq metropolisdən getməyə başladığını bildirib.
Mer seçkiləri çərşənbə axşamı günü Nyu-Cersi və Virciniya ştatlarında qubernator seçkiləri ilə eyni vaxtda baş tutub. Demokrat Partiyasının nümayəndəsi və sosialist ideyalarının tərəfdarı olan Məmdani son onilliklərdə Nyu-York şəhərinin ən gənc meri və bu vəzifəni tutan ilk müsəlman olub.
O, kirayə haqqının dondurulması, əlverişli qiymətə mağazaların açılması və avtobus biletlərinin ləğvi daxil olmaqla sosial rifah proqramları ilə tanınır.
Amerika Biznes Forumunda çıxış edən Tramp Nyu-York şəhərində baş verənləri “dəhşətli” adlandırıb və şəhərin gələcəyi ilə bağlı narahatlıqlarını ifadə edib. O, sakinlərin yeni merin “kommunist rejimi altında yaşamaq istəmədikləri” üçün metropolisdən qaçdıqlarını bildirib.
Xatırladaq ki, Demokrat Sosialist Məmdani 4 noyabrda Nyu-York şəhər meri seçkilərində qalib gəlib. O, mer olaraq Ağ Evin hazırkı rəhbərini dayandıracağını bəyan edib. Mamdani “Tramp kimi milyarderlərin vergilərdən yayınmasına” imkan verən korrupsiyaya son qoyacağına söz verdi.