“O tərəfdən bura bir güllə atılsa onları elə günə salarıq ki, adlarını unudarlar” –

Prezident Qubadlıda xəbərdarlıq etdi
24 Dekabr 2020 - 16:54

“Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm”.

Bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Dövlət başçısı deyib ki, artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanıb: “Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.

Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.