Oğruluq üçün alpinizm kursuna gedən, zərgərliyi öyrənən Cavidin məhkəməsi –

Məşhurlardan kimlərin evini soyub?
29 Oktyabr 2021 - 15:24

Bakıda oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

Həbs edilən Cavid alpinist olub. O, bu bacarıqlarından istifadə edərək cinayət əməlləri törədib.

Məlumata görə, Cavid oğurluq əməllərindən əvvəl öz maşınını sataraq Ukraynaya gedib və orada alpinist kursu keçib. Kursu keçdikdən sonra Bakıya qayıdıb və oğurluq planlarını icra edib.

Məhkəmədə dindirilən zaman Cavid xaricdə alpinizm kurslarına getməsi, mənzillərin eyvanlarına kəndirlə düşməsi, qapıları xüsusi vasitələrlə açması haqda danışmaq istəməyib, sualları cavablandırmayıb.

Onun izahı maraqlı olub, deyib ki, iki həftə əvvəl həbsxanada çarpayıdan yıxılıb və baş verənləri xatırlamır.

Vəkili isə onun psixi xəstə olduğunu deyib və bildirib ki, Cavid özünə xəsarət yetirib: “İstintaq dövründə psixiatrik ekspertizadan keçirilib. Ekspert rəy verdi ki, psixi xəstəlikdən əziyyət çəkir, amma hadisələr baş verəndə öz hərəkətlərinin nəticəsini dərk edib. Cavid psixi xəstəliyinə görə dəfələrlə müalicə alıb. Təkrar ekspertiza təyin olunmasını istəyirik”.

Hakim bildirib ki, əvvəlki rəy tədqiq olunmadığı üçün vəsatət hələlik baxılmamış saxlanılır.

Cavidlə əlbirlikdə suçlanan Əhməd Əhmədov isə deyir ki, oğurluq hadisələrində taksi kimi iştirak edib.

“Hara gedəcəyini, arxasınca nə vaxt gəlmək lazım olduğunu deyirdi. Həmişə eyni avtomobildən istifadə etmirdik. Oğurluq olan ünvana bir avtomobillə aparırdımsa, başqa avtomobillə gətirirdim. Hər dəfəyə təxminən 1500-2000 manat pul verirdi. Ümumilikdə mənə 30 min manata yaxın pul verib.

2006-cı ildən tanıyırdım. Onda mən zərgərlik sexində işləyrdim, o da ora gəlmişdi. Sonra hərbi xidmətə getdim, 2011-ci ildə qayıtdım, “Moskva” univermağında işlədim. 2018-ci ildə mənə təklif elədi ki, belə bir iş var, sən heç nəyə qarışmayacaqsan, sadəcə aparıb-gətirəcəksən…”- deyə Əhmədov söyləyib.

Zərərçəkmiş kimi adı keçənlər sırasında tanınmışlar da var: futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Elə sonuncu oğurluq hadisəsi də Vüsal Mirzəyevin evindən olub.

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə 114 min, futbolçuya isə 5000 manat ziyan dəyib.

Cavid Süleymanovun istintaqa ifadəsində bildirilir ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub.

“Cavid Süleymanov əvvəlcə müşahidələr aparıb, mənzildə yaşayış olub-olmadığını, ev sahiblərinin nə vaxt gəlib-getdiyini müəyyənləşdirib. Binaların sxemlərini hazırlayaraq, plan qurub. Saxlanılan zaman Cavid Süleymanovun çantasından həmin sxemlərin qeyd edildiyi dəftərlər, müxtəlif binaların şəkilləri çəkilmiş fotoaparat aşkarlanıb. O, oğurluq nəticəsində əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evdə yaratdığı zərgərlik emalatxanasında əridib, yeni əşyalar düzəldərək satıb”, – ittihamda belə yazılıb.

Bu iş üzrə 8 zərərçəkmiş var.