Dünən Natiq bizi öz həyatından bəhs edən kinonu göstərmək üçün “çağırmışdı”.
Kinomexanik olub axı…
…”Nizami” Kino Mərkəzində “Oğul” filminin tədimatına gələnlər bu qəhrəman oğlanın həyat hekayəsini gözündə yaş, ürəyində qurur hissi ilə izlədilər.
Natiqi indi bütün Azərbaycan tanıyır. Təkbaşına kilsədə erməni silahlıları ilə vuruşan bu fədakar oğulun igidiliyi indi hər kəsin dilindədir.
…Sənədli-bədii filmi seyr etdikcə sadə gəncin müharibənin insanlıq simasına çevrilməsini görürsən.
Natiq kinomexanik olub. Dedilər ki, kasıbları havayı buraxırmış filmə baxmağa…
Natiq yəqin ağlına belə gətirməzdi ki, onu sevə-sevə baxdığı “Uzaq sahillərdə” filminin qəhrəmanı olan Mehdi -“Mixaylo” ilə eyni tale gözləyir…
“Get ona de ki, əgər kilsədən çıxıb təslim olmasa, Xocalıdan olan mülki əsirləri öldürəcəyik…” Hərbi cani Vitali Balasanyan Xocalıdan olan müəllimi çağırıb belə deyibmiş…
Tanış gəlirmi sözlər sizə?
Adamı tükləri ürpəşir.
Xocalıdan olan müəllim ermənilərin bu şərtini Natiqə çatdıranda bəlkə də o, böyük kino ekranında Mixaylonun son çıxışını xatırlamışdı…
Eyni tale, eyni qəhrəman…
Kino tərbiyə edir.
Natiq çox kino lentini fırlatmışdı…Kinoproyektorun arxasından böyük və işıqlı ekranda sevgi yağışı altında rəqs edən romantik qəhrəmanları, cəsur insanları, onların taleyini seyr etmişdi.
Amma taleyin ona bu qəhrəmanlardan biri olacağı sürprüizini yəqin düşünməmişdi…
Kilsədə, dörd tərəfdən düşmən əhatəsində, əsirlərin ürək parçalayan qışqırtılarını eşidəndə bəlkə də bunları xatırlayıb…
“Dinc adamların öldürülməsini imkan verə bilmərəm”-deyib ermənilərin onun yanına göndərdiyi Xocalıdan olan əsir müəllimə…
Çıxıb təslim olub.
Filmdə danışan keçmiş erməni döyüşçüləri danışırdılar ki, Natiq o qədər qorxmaz idi ki, ona atdığımız bombanı götürüb təzədən bizə tullayırdı. “Təkbaşına bizim nə qədər əsgərimizi öldürdü o”-deyə bir erməni etiraf edirdi filmdə…
Natiqi yandırıblar.
“Davalı filmlərin” gerçək epizodunu yaşayan Natiq əsl qəhrəman kimi döyüşüb.
Filmdə Natiqin anasının 25 ildən sonra ilk dəfə onun kilsədən çıxması fotolarını görərərkən verdiyi reaksiya bütün zalı qəhərə boğdu. “Anan ölsün ay bala, 5 gün eyni köynəkdə, ac-susuz necə qalmısan?”
Analar üçün övlad hər zaman qayğısı çəkiləcək körpədir.
Film “Oğul” adlanırdı.
Həqiqətən Natiq Oğul idi. Ailəsinə, elinə, Vətəninə layiq Oğul!
.
..Heydər Əliyev Fondunun təşəbbüsü ilə təqdimatı keçirilən bu nümayiş müharibənin dəhşətini, qəhrəmanları və Qələbənin misilsizliyini bir daha göstərdi.
Xaqani SƏFƏROĞLU
