Ölkədə distant təhsilin təşkilində hansı problemlər var?

Koronavirus epidemiyası ilə əlaqadar bütün ölkələrdə insanların intensiv təmasda olduqları yerlər, əsasən də məktəblər bağlandı, şagird və tələbələr evə buraxıldılar.

Epidemiya  bizdə alternativ təhsil formasının olmaması ilə bağlı problemini üzə çıxartdı. Çünki inkişaf etmiş ölkələrdə olduğu kimi bizim təhsil qanununda da olan distant təhsilin mahiyyətini qiymətləndirməyib.

2009-cu ildə Prezident İlham Əliyevin imzası ilə “Azərbaycan Respublikasının Təhsil Qanunu” qəbul olunub. Bu qanunda əyani, qiyabi, sərbəst və distant təhsil forması öz əksini tapıb. Distant  təhsilin yeni tədris texnologiyalarına, yəni informasiya kommunukasiya texnologiyalarına əsaslanmasından əlavə, özəl xüsusiyyəti, onun təhsilə daha geniş auditorya və kontingentin toplaması idi. Başqa sözlə desək, elekton informasiya vasitələrinin koməyi ilə məsafədən – maddi, fiziki, sağlamlıq imkanlarından asılı olmayaraq – təhsil almaq reallaşırdı.

Bu, ölkədə ilk növbədə ənənəvi əyani təhsil alması çətinlik yaradan insanlar üçün, xüsusən də sağlamlıq imkanları məhdud uşaqların və əlil gənclərin təhsilə cəlb olunmasında çox münasib və əlçatan bir təhsil formasıdır. Azərbaycanın orta və ali tədris ocaqlarında sağlamlıq imkanları məhdud və əlil şəxslərin normal təhsili üçün heç bir infrastrukturun mövcud olmaması, distant təhsil formasının əlillər üçün geniş üfüqlər açmalı idi.

Mən II dərəcəli əlil olaraq, kəskin bronxial astma və tənəffüs çatışmazlığı diaqnozu ilə digər formada təhsil alma imkanım qeyri-real olduğu üçün, təhsilə ehtiyacı olan  gənc kimi təhsil qanununun bizə verdiyi distant təhsil imkandan yararlanmaq istədim. Lakin ölkəmizdə buna nail ola bilmədim. Orta təhsilimi 2013–cü ildə bitirəndən sonra distant təhsil almaq arzum reallaşmadı. Halbuki,  distant təhsil haqqında Qanununun qəbul edilməsindən 4 il keçmişdi. Lakin Təhsil Nazirliyi tərəfindən distant təhsilin tətbiq edilməsi istiqamətində heç bir addım atılmamışdı. Üstəlik həmin ildə ölkəmizdə əlillərin təhsilinin davam etdirilməsi proqramı da, demək olar ki, yox idi.

Yeganə çıxış yolu əlillərin xarici ölkələrdə distant təhsil alması idi. Odur ki, mən də Rusiyada distant ali təhsil almaq qərarına gəldim. Distant təhsilin ölkəmizin təhsil qanununda yer alması, yəni təhsilalma forması olması, iki dövlət arasındakı təhsil sahəsində diplomların tanınma sazişi mənə tam əsas verirdi ki, arxayın distant təhsil alım.

Lakin bu heç də belə olmadı.

Mənim tam qanuni aldığım təhsili təsdiq edən diplomu Azərbyacanda  tanımaqdan imtina etdilər. Bəhanə kimi bizim ölkənin təhsil sisteminin maddi-texniki bazasının çox zəif olması səbəbindən, distant  təhsil formasının Azərbaycanda tətbiq olunmaması göstərilirdi. Belə çıxdı ki, Təhsil Qanununda movcud olan  “distant təhsilalma forması” maddəsi kiminsə distant təhsil almasına hüquq vermir. Heç bir qüvvəsi olmayan Qanunun qəbul olunmasının və ya onun Qanun kimi saxlanılmasının təhsil sisteminə hansı imtiyazların verməsi başa düşülən deyil.

Diplom tanınmamasının primitiv, orta əsr təfəkkürünə söykənən izahı qarşısında isə “heyran” olmamaq olmur. Belə məsuliyyətsiz bəyanat verənlər görəsən göydəki “AzeriSpace” peykimizdən xəbərdardırlarmı?

Akreditasiya və nostrifikasiya idarəsinin diplom tanınması sahəsində göstərdiyi “uğurlar” isə göz qabağındadır. Onların  təhsildəki “nailiyyətlərinə” görə 2019-cu ildə ölkə prezidenti cənab İlham Əliyev təhsil nazirliyinin həmin idarəsinin ləğvi ilə bağlı fərman imzaladı, lakin yenə də heç nə dəyişmədi. Nə idarə ləğv olundu, nə “qaydalar” dəyişmədi.

Son 10 il ərzində ölkənin bütün sahələrində, o cümlədən  xidmət, rabitə-kommunikasiya sahəsində də boyük böyük nailiyyətlər qazanılıb. Belə ki, bütün idarə və müəssisələr elektronlaşdırılıb, bundan əlavə müasir innovasiya texnologiyalarına əsasən xidmət göstərən “ASAN xidmət” – xidmət və qiymətləndirmə şəbəkəsi, elektron hökumət, elektron imza, elektron media və KİV, yüzlərlə yeni elektron rabitə növləri yaradılıb. Ölkənin bütün rabitə və telekommunikasiya sisteminin rəqəmsal sistemə keçirilməsi və digər  elmi texniki nailiyyətlərin tətbiqi, ölkədə məhz informasiya cəmiyyətinin yaradılmasınn bariz nümunısidir. Təhsil sahəsinə gəldikdə isə, bütün məktəb və universitetlər elektronlaşdırılmış, müasir kompüter və digər informasiya-kommunikasiya vasitələri, interaktiv vəsaitlərlə və fasiləsiz internetlə təmin olunub.

Ölkədə müasir nəsil texnologiyaların belə sürətli inkişafı fonunda ölkə təhsilində distant təhsil formasının tətbiqinin boyük problemə çevirib, onun tətbiq edilməməsi yalnız təəssüf doğurur.

Keçən bu 11 ildə isə Təhsil Nazirliyinin distant təhsilin tətbiqi üçün çatışmayan hansı maddi bazanın və ya texnologiyanın olmasını nəzərdə tutması hələ də sirr olaraq qalır.

Koronavirus epidemiyasına məruz qalan inkişaf etmiş ölkələrin əksəriyyəti təhsil forması kimi dərhal distant təhsilə keçərək, şagird və tələbələrini epidemiya təhlükəsindən qorumaqla bərabər, həm də təhsilin davamlılığına da tam nail oldular.

Amma Azərbaycanda virus epidemiyası, 10 ildən də artıq təhsil qanununda yer alan dondurulmuş distant təhsil formasının donunu aça bilmədi. Bu dəfə də bunun tətbiqi üçün başqa bəhanə meydana gəldi. Sən demə indi də buna maddi texniki baza yox, məhz qanunvericilik bazasının olmaması mane olubmuş. Ona görə də Təhsil Nazirliyinin distant təsil formasına keçə bilmədiyindən, teledərs verilişləri verməklə, orta məktəblər üçün təhsili davam etdirir.

Amma ali məktəblərin taleyi isə hələ məlum deyil.

Yaranmış bu fövqəladə vəziyyətdə yeganə təhsilalma forması olan distant təhsil haqda heç bir rəsmi müzakirə, iclas, toplantı belə keçirilmir. Bu da yəqin ki,  yaxın onilliklərdə distant təhsil qadağasının davam etdiriləcəyinə bir işarədir. Amma inanıram ki, təhsil sisteminin ölkənin starateji sahəsi olmasını anlayan məmurlar, koronavirus epidemiyasının təhsilimizə vurduğu ziyanın miqyasını nəzərə alaraq, 2-3 səhifəlik distant qanunvericiliyini 10 ildən çox yubatmalarından nəticə çıxaracaqlar. Tezliklə təhsil qanununda olan distant təhsilalma forması da bizim təhsildə tamhüquqlu yerini tutar, yəni distant təhsil qanunvericiliyin hazırlanmasına daha 11 il lazım olmayacaq.

 Bəzi təhsil nümayəndələri hansı maraqdansa distant təhsil haqqında yanlış maarifləndirmə aparıb, onun bizim təhsil və cəmiyyət üçün yarasız olduğunu iddia edirlər. Amma cəmiyyət bilməlidir ki, distant təhsil heç də ənənəvi təhsilin tam əvəzlənməsi deyil, sadəcə olaraq fövqəladə vəziyyətlərdə, əlillər və imkansız  insanlar üçün əvəzolunmaz bir təhsil formasıdır.

Qonşu ölkə olan Rusiyada ali və orta təhsil müəssisələri tam distant təhsilə keçib, Çində 170 milyon şagird və tələbə hazırda distant təhsil alır, Azərbaycanda hələ ki, 2 milyona yaxın şagird və tələbə təhsilin davam olunması üçün qanunvericilik bazası və ya koronavirus epidemiyasının sona çatmasını səbirsizliklə gözləyirlər. Təhsil qanununun qəbul edilməsindən 11 il müddətinin keçməsinə baxmayaraq, ölkə təhsilində distant təhsil formasının tətbiq olunmaması, daha doğrusu bilərəkdən və qəsdən qarşısının alınması təhsilə və ölkə iqtisadiyyatına vurulan ən böyük ziyandır.

 Bu gün adi bir Zoom proqramını öz kompüter və ya smartfon telefonlarına yükləməklə, həm də WhatSapp internet rabitəsi üzərindən şagirdlərinin təhsilini düşünən yüzlərlə fədakar müəllimlər heç bir maddi və qanunvericilik bazası, göstəriş gözləmədən, uğurla distant-online dərsləri keçməkdədirlər. Sadəcə Tənsil Nazirliyinə onların təcrübələrini təhsilə tətbiq etmək qalır.

 Sonda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Cənab prezident, xahiş edirəm apardığınız islahat çərçivəsində müasir dövrün təhsil tələblərindən biri kimi innovasiya və İKT-nin təhsilə tətbiq olunmasının qarşısın alan səbəblərin aradan qaldırılmasını nəzarətinizə götürəsiniz. Diplom nostrifikasiyasını, adi notariat xidməti olduğunu nəzərə alıb, onu da  uğurla həyata keçirdiyiniz “Asan Xidmət”ə həvalə etməklə, ölkə qanunlarına inanıb xarici ölkələrdə distant təhsil alan gənclərin, o cümlədən əlillərin qanuni diplomlarının tanınması və onların cəmiyyətə inteqrasiyasına kömək edəsiniz.

Üzeyir Ağazadə

Distant təhsili və diplomu tanınmayan II dərəcəli əlil

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““Facebook” dilənçilərlə  doludur, ehtiyacı olan da, olmayan da yazır” –

Sonrakı məqalə

Evlərdən çıxmaq məhdudlaşdırıldı –