Turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük perspektivlərə malikdir.
Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu baxımdan Azərbaycan potensial turizm ölkəsinə çevirə biləcək amillər kifayət qədərdir.
Azərbaycan 2001-ci ilin sentyabr ayının 25-də Ümumdünya Turizm Təşkilatına üzv qəbul olunub. Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur.
Azərbaycana gələn turistlərin sayı son 10 illikdə artmaqda davam edir. 2011-ci ildə Azərbaycana gələn turistlərin sayı 2,3 milyon nəfər təşkil edib. 2019-cu ildə Azərbaycana ümumilikdə 3,2 milyon turist gəlib. Onlardan 932 mini Rusiyadan, 725 mini Gürcüstandan və 361 mini Yaxın Şərq ölkələrindən gəlib. Azərbaycan İrandan 255 min nəfər, Mərkəzi və Cənubi Asiya ölkələrindən isə 249 min turist qəbul edib.
Qeyd edək ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə turizm sahəsində bir sıra islahatlar aparılıb. 2010-cu ildə “Azərbaycan Respublikasında 2010 – 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq olunub. Dövlət proqramı çərçivəsində 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası haqqında Fərmanın əsas strateji məqsədi isə mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifahın əldə edilməsinə istiqamətlənmişdi.
2016-cı ildən “ASAN Viza” sistemi yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı 3 addımla ( müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Dövlət başçıının 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilk əvvəl 2020-ci, daha sonra isə 2025-ci ilə qədər turizmlə bağlı hədəflər müəyyən olunub.
Bu sahədə atılan mühüm addım Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması olub. Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsini təmin edir. Ölkədə turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən mütəxəssislərin hazırlanması üçün 2014-cü ildə Turizm vә Menecment Universiteti yaradılıb.
Ölkəmiz zəngin turizm potensialına malikdir. Avropanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral nəqliyyat yolları ölkəmizdən keçir. Eyni zamanda, Azərbaycanın nadir təbii-iqlim, flora və faunası var. Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, Göygöl, Maralgöl, Qobustanın palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir.
Həmçinin ölkəmizdə müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da var. Kəlbəcər rayonundakı İstisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir.
İl ərzində günəşli günlərin sayına görə Azərbaycan İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilir. Xəzər sahillərinin bütünlüklə istirahət zonasına çevrilməsi üçün hər cür ilkin şərait mövcuddur.
Azərbaycanın zəngin mədəni irsi nəzərə alınaraq “Böyük İpək Yolu” mədəni turizm marşrutu həyata keçirilir.
Ölkədə işgüzar turizm də mühüm yer tutur. Bu seqment müasir dövrdə turist axınının əsas tərkib hissəsi hesab edilir. Bu perspektivli turizm növünə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər arasında görüşlər, konqres tipli tədbirlər, habelə beynəlxalq sərgilərdə və yarmarkalarda iştirak kimi səyahət məqsədləri daxil edilir. İşgüzar turizmin inkişafı ölkədə məşğul əhalinin sayının artmasına və ÜDM-də turizm sektorunun xüsusi çəkisinin yüksəldilməsinə təsir göstərib.
Bu baxımdan Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005), “Hilton”, “Kempinski”, “For Sizen” və s nufuuzlu brend hotellər işguzar biznes platforması üçün yaxşı imkanlar yaradır.
Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun mədəni, tarixi və etnoqrafik məkan olaraq qorunması və turizm imkanlarının inkişaf etdirilməsi üçün “Xınalığın inkişaf proqramı” layihəsi işlənib hazırlanıb.
2012-ci ilin sonunda Qusarda “Şahdağ Qış-Yay Turizm Kompleksi”nin və 2014-cü ilin yanvarında Qəbələ şəhərində “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin istifadəyə verilib.
Ölkədə 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilib. 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. UNESCO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
2020-ci ilin payızında Azərbaycanın 20 faiz ərazisinin Ermənistan ordusunun işğalından azad edilməsindən sonra yeni yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, “ağllı” şəhər və kəndlərin salınması həmin regionda turizmin inkişafına xeyli dərəcədə təkan verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonları yaradılıb. Bu iqtisadi rayonların təbii ehtiyatları, təbii gözəllikləri, tarixi abidələri gələcəkdə bu ərazidə turizmin bir çox növlərini inkişaf etdirmək imkanı verəcək. Bu növlərdən mədəni-tarixi, rekreasiya, ekoloji turizm növlərini xüsusilə qeyd etmək olar. Bu bölgəyə bir çox turizm marşrutlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bölgədə yerləşən bir çox dini abidələrin gələcəkdə bərpası burada həm dərketmə, həm də dini turizmin inkişafına təkan verəcək. Yaradılan yol, nəqliyyat infrastrukturu hesabına (avtomobil yolu, dəmir yolu, hava limanı) burada həm daxili turistləri, həm də qonşu ölkələrdən (xüsusilə Türkiyə və İran) gələn xarici turistləri qəbul etmək imkanı olacaq.
Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizdə 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Qobustan mağaralarındakı qayaüstü rəsmlərini, atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, məscidləri, türbələri və digər tikililəri göstərmək olar.
Xatırladaq ki, milli parklar da turizm potensialına malik ölkəmizin tanıdılmasında mühüm rola malikdir. Azərbaycanda 10 milli park fəaliyyət göstərir: Zəngəzur, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl, Samur-Yalama və Qızılağac. Bundan başqa, turistləri cəlb etmək baxımından da “Yanardağ” Qoruğunun müasir standartlara uyğunlaşdırılması mühüm rol oynayır. Qoruğun tərkibinə “Yanardağ” – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir. Şabran rayonunun ərazisində, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə yerləşən dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsi “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri aparılır.
Yeni turizm infrastrukturunun yaradılmasında Heydər Əliyev Fondunun xüsusi yeri var. Ölkəmizdə mövcud olan tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Bu istiqamətdə həyata keçirilən işlərə birinci Vitse-Prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir.
Azərbaycan özünün zəngin turizm potensialından səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulur, mehmanxana və digər obyektlərin sayı artırılır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlamasında bildirib ki, “Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra turizm sektorunun bərpasına yeni nəfəs verəcək. Agentlik sədri strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizim sektorunun davamlı inkişafına dəstək olacağını bildirib.
2020-2021-ci illərdə COVID-19 pandemiyası ilə əlaqədar olaraq turistlərin sayı kəskin azalıb.
Fuad Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndiriməsinin əsas fəaliyyət istiqamətlərindən biri olacağını vurğulayıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, bu gün əmək bazarında xidmət sektorunun payı əhəmiyyətli dərəcədə artıb. Dövlət Məşğulluq Agentliyi olaraq ölkə turizminin inkişafında maraqldırlar. M.Abbasbəylinin fikrincə, turizmin inkişafı, bu sahədə ixisaslı kadrların hazırlanması, yeni iş yerlərinin yaradılması və işsiz şəxslərin özünüməşğulluğunun təşkili üçün yaxşı imkanlar yaradır.
Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanovun sözlərinə görə, Pandemiyaya görə, turizm sektoru dünyada və ölkəmizdə dayanma həddinə gəlib çatıb. Daha sərt karantin rejiminin tətbiq olunduğu dövrlərdə sərhədlərin bağlı olması, bölgələrə gediş-gəlişin dayandırılması turizm şirkətlərininin fəaliyyətlərinin dayanmasına səbəb oldu. Karantin rejiminin yumşaldılması insanlar artıq bəzi yerlərə gedib istirahət etmək imkanı verdi. Bu baxımdan turizm şirkətləri və otellər bir qədər ayaqda qalmağa nail ola bilir. Lakin bu vəziyyət tam qənaətbəxş deyil.
Turizm şirklətlərinin vəziyyəti çox ağırdır. Turizm şirkətləri qazanc əldə edə bilmirlər. Otellərdə yeni qaydalar tətbiq olunur və onlar turizm şirkətləri ilə işləmək istəmirlər. Otellər birbaşa özləri müştərilərlə əlaqə saxlayırlar. Biletlər baha olduğundan insanlar səfər etmək istəmir və ya özləri onlayn şəkildə bilet alırlar. Bütün bunlar turizm şirkətlərinə böyük zərbə vurur.
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qəribin sözlərinə görə, turizm obyektlərində qiymətlərin baha olması restoran və kafelərdə menyunun olmaması ilə bağlıdır.
“Bir çox hallarda restoran və kafelərdə menyu olmur. Ofisiant, yaxud obyekt sahibi baxır kiminlə gəlmisən, hansı maşınla gəlmisən, haradan gəlmisən, hansı dildə danışırsan- ondan sonra qiymətlə bağlı qərar verir.
“Turizmin inkişafından danışırıqsa “bu, xırda məsələdir” anlayışından uzaq olmalıyıq. Yoxdur turizmdə xırda məsələ anlayışı yoxdur. Hər bir xırda nöqsan turistin itirilməsi deməkdir, turisti qaytarmaq isə çox müşkül məsələdir. Pulu cibində olanlar üzünü tutacaq digər ölkəyə”, – deyə A.Qərib qeyd edib.
AMEA İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri Aqil Əsədovun fikrincə nə SSRİ dönəmində, nə də müstəqillik dövründə Azərbaycanın turizm potensialının təbliği üçün elə də ciddi işlər görülməyib: “Bunun nəticəsidir ki, Azərbaycanın turizm potensialından istifadə göstəriciləri, ölkəyə xarici turistlərin cəlb olunması, bir turistdən əldə edilən gəlirlər hələlik mövcud potensiala adekvat deyil”.
Onun sözlərinə görə, aparıcı turizm ölkələrinin təcrübələrdən geniş istifadə Azərbaycan üçün də yararlı ola bilər. A.Əsədov hesab edir ki, turizmin inkişafı üçün yerli idarəetmə qurumlarına daha geniş səlahiyyətlərin verilməsi, turizm xidmətlərinin təşkilatçılığı ilə məşğul olan xüsusi təşkilatların yaradılması, ölkənin milli turizminin beynəlxalq aləmdə təbliğ edən xarici nümayəndəliklərin formalaşdırılması kimi təcrübələr dünyada geniş yayılıb.
Ekspertlərin fikrincə, regionlarda qiymətlərin münasib olması üçün yeni hotellərin və iaşə obyektlərinin inşasına ehtiyac var. Beş, dörd, üç ulduzlu hotellərlə yanaşı, bir və iki ulduzlu hostellər tikilməlidir. Bu da qiymət siyasətinə öz təsirini göstərə və rəqabət yarana bilər. Hostellər ucuz olduğundan turistlərin daha çox marağını çəkir. Çünki turist ən çox gəzməyə vaxt ayırır. Onun üçün gecə yatması üçün yer lazımdır. Adətən, bahalı otellərdə beynəlxalq əhəmiyyətli tədbirlərə gələn biznes adamları qalır. Kütləvi turizmi inkişaf etdirmək üçün hostellərin və üç ulduzlu hotellərin fəaliyyətinə ehtiyac var.
Regionlarda turizm obyektlərində kadr məsələləri də zəifdir. Ofisiantların, barmenlərin yüksək səviyyədə xidmət göstərməsi üçün mütləq mütəmadi treninqlər keçirilməlidir. Digər məsələ sanitar gigiyenik normalara diqqət yetirilməsidir. Eyni zamanda, yeməklər keyfiyyətli və münasib qiymətə olmalıdır. Bununla da insanlar səyahət etdiyi yerdə üç gün yox, on gün qalmağa həvəsli olmalıdır. Turist bir yerdə nə qədər çox qalarsa, bir o qədər də çox gəlir gətirər.
Mütəxəssislərin hesablamasına görə, daxili turizmin inkişafı ölkəyə daha çox pul gətirər. Əgər qiymət siyasəti düzgün qurulsa əhali artıq Gürcüstana və digər ölkələrə getməyə ehtiyac görməzlər.
Xarici turistlər əsasən şimal-qərb (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) bölgələrimizə maraq göstərir. Daha sonra isə cənub bölgəsinə, yəni Masallı, Lənkəran, Lerik və Astaraya üz tutulur. Şimal-qərb zonasında yerləşən hotellərin qiyməti şimal-şərq zonasında yerləşən hotellərə nisbətən bahadır. Bunun da səbəbləri var. Belə ki, şimal-qərb zonasında yerləşən hotellərin keyfiyyəti yüksəkdir.
Kənd turizminin inkişafına da ciddi fikir verilməlidir. Hər bir kənddə turizm obyekti tikməyə ehtiyac da yoxdur. Sadəcə yerli əhaliyə aşağı faizli kreditlər verilərək evlərinin bir hissəsinin turizm obyekti kimi hazırlayaraq turistləri cəlb edə bilərlər. Bu baxımdan kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək məqsədi daşıyan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsini qeyd etmək olar. Turizm sahəsində kadr potensialının əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda Türkiyə, İspaniya, İtaliya və qonşu Gürcüstan kimi ölkələrin təcrübəsindən yararlanmaqla Azərbaycanı dünya turizminin liderləri müstəvisinə çıxarmaq mümkündür.
“2010-2014-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2008-ci ildəki 0,8%-dən 2025-ci ilədək 3%-ə çatdırmaq idi. Artıq 2020-ci ilədək bu hədəfə nail olunmuşdu. Lakin pandemiyanın başlaması bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sektoru tənəzzülə uğratdı. Pandemiyadan sonrakı dövrdə turzim sektorunun bərpası üçün imkanlar bərpa olunur. Əksər ölkələr quru sərhədlərini açıb və milyonlarla turist qəbul etməyə başlayıblar. Lakin bu ilki turizm mövsümüdə quru sərhədlərinin bağlı qalması ölkəyə turist axınını səngitdi.
Sadalanan problemləri sıralasaq bura xidmət səviyyəsi, baha qiymətlər, müvafiq infrastukturun qurulmaması daxil edə bilərik. Ekspertlərin hesablamalarına görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Turist axınından isə hamı – kəndlidən tutmuş, sahibkara, dövlət sektoruna qədər qazanır. Bu baxımdan turizm eyni zamanda ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyəti olan vacib sahədir.
G.HÜSEYNOVA
Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb