Ombudsman dinc sakinlərin həlak olduğu əraziyə baş çəkib –FOTO

Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir. 

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə bağlı qeyd olunan faktları yerində araşdırmaq məqsədilə artilleriya atəşinə məruz qalmış kəndlərə səfər edib.

Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb.

Ermənistan silahlı qüvvələrinin insanların sıx yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki yaşayış məntəqələrini və obyektləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Elə həmin tarixdə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində cəhbə ərazisi olmayan Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq, ikisi ahıl, biri gənc olmaqla bütöv bir ailə (Qurbanov Elbrus İsa oğlu, onun həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı, gəlini Əmirova Afaq Dəmir qızı, orta məktəb şagirdləri olan nəvələri 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı və 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu) həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda 18-55 yaşlı kişilərə ölkəni tərk etmək qadağan olundu

Sonrakı məqalə

“Dərs vaxtı”nın 29 sentyabr cədvəli açıqlandı