Onkoloq xərçəngin profilaktikası ilə bağlı iki əsas yanlış fikri təkzib edib

2030-cu ildə 75 milyon insan xərçənglə yaşayacaq
2030-cu ildə 75 milyon insan xərçənglə yaşayacaq

Onkoloq həkim Suna İsakova onkoloji xəstəliklərin profilaktikası ilə bağlı cəmiyyətdə geniş yayılmış iki əsas yanlış təsəvvürü təkzib edib. Onun sözlərinə görə, xərçəng riskini azaltmaq üçün bəzi qidaların tamamilə rasiondan çıxarılması effektiv üsul hesab olunmur. AzPost Lenta.ru-ya istinadla xəbər verir ki, həkim xüsusilə ət məhsullarından tam imtinanın xərçəngdən qorunmağa kömək etmədiyini vurğulayıb.

Mütəxəssis bildirib ki, aparılan elmi araşdırmalara əsasən, heç bir qida məhsulu təkbaşına yüksək dərəcədə kanserogen maddələr ehtiva etmir. Bununla belə, o qeyd edib ki, hisə verilmiş məhsulların, kolbasaların və ya həddindən artıq qızardılmış ətin tez-tez istehlakı yoğun bağırsaq şişlərinin yaranma riskini artıra bilər.

Onkoloqun təkzib etdiyi ikinci mif isə onkomarkerlər üçün özbaşına verilən qan analizləri ilə xərçəngin erkən mərhələdə aşkarlanmasının mümkün olması ilə bağlıdır. Suna İsakova izah edib ki, bu cür analizlər adətən artıq aşkarlanmış bədxassəli şişlərin gedişatını izləmək üçün istifadə olunur və erkən diaqnostika məqsədi daşımır. Buna görə də, onkomarkerlər üzrə testlər yalnız həkim tövsiyəsi ilə aparılmalıdır.

Həkim əlavə edib ki, bəzi hallarda onkomarkerlərin səviyyəsi hepatit kimi qeyri-onkoloji xəstəliklər zamanı da yüksələ bilər. Eyni zamanda, bəzən xərçəngin gec mərhələlərində belə bu göstəricilər normal qala bilər. Onun sözlərinə görə, istisna hal prostatspesifik antigen hesab olunur ki, bu göstərici prostat xərçənginin erkən aşkarlanmasında faydalı ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.