Ordubadda qar uçqunu altında qalmış bəbir cəsədi aşkarlanıb –

-FOTO
27 May 2021 - 10:15
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bəbir ölüb.
Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Ordubad rayonu ərasində 1915 metr dəniz səviyyəsindən hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub: “Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçqunu, olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq. Hadisə yerində olan dövlət təmsilçiləri bəbirin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə cəsədi götürüblər”.
WWF Azərbaycan nümayəndəliyidən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib: “Təəssüf edici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir – doğum olan yerdə ölüm də olur”.