Orqanizm susuz qalanda necə həyəcan təbili çalır?

Susuzlaşma çox vaxt diqqətdən kənarda qalan, lakin sağlamlıq üçün ciddi risk yaradan vəziyyətdir. AzPost bildirir ki, ilk əlamətlər adətən adi yorğunluq və ya yüngül halsızlıq kimi qəbul edilir və məhz bu səbəbdən problem vaxtında fərq edilmir. Halbuki orqanizm su çatışmazlığı zamanı açıq siqnallar verir və bu əlamətləri görməzdən gəlmək olmaz.

Ən tanınan əlamət susuzluq və ağız quruluğudur. Mütəxəssislər bildirirlər ki, insan susuzluq hiss etməyə başlayanda bədən artıq mayenin təxminən 1–2 faizini itirmiş olur. Bu isə prosesin gec mərhələyə keçdiyini göstərir.

Digər vacib göstərici sidiyin rənginin dəyişməsidir. Susuzluq zamanı sidik daha tünd sarı, hətta kəhrəba rənginə çalır və miqdarı azalır. Bu, böyrəklərin mayeni qorumağa çalışdığının əlamətidir.

Orqanizmdə su azaldıqda halsızlıq və baş ağrısı da yaranır. Maye çatışmazlığı qan təzyiqinin enməsinə və beynin oksigenlə təminatının zəifləməsinə səbəb olur. Nəticədə insan özünü süst hiss edir, başgicəllənmə və küt ağrılar meydana çıxır.

Dərinin və selikli qişaların quruması da susuzlaşmanın erkən əlamətlərindəndir. Dəri elastikliyini itirir. Əlin arxa hissəsində dərini yüngülcə sıxdıqda onun əvvəlki vəziyyətinə gec qayıtması bədəndə su azlığını göstərə bilər.

Diqqət və yaddaşın zəifləməsi isə beyin reaksiyasıdır. Beyin maye çatışmazlığına çox həssasdır və bu zaman diqqətsizlik, əsəbilik və qərarvermədə çətinliklər yaranır.

Nə etmək lazımdır?

Bu əlamətlər hiss edildikdə dərhal kiçik qurtumlarla təmiz su içməyə başlamaq tövsiyə olunur. Qəhvə, şirin qazlı içkilər və spirtli içkilərdən uzaq durmaq lazımdır, çünki onlar susuzlaşmanı daha da gücləndirir. Gün ərzində mütəmadi su içmək, susuzluq hissini gözləməmək əsas profilaktik tədbir sayılır. Xüsusilə isti havalarda, fiziki gərginlik zamanı və xəstəlik dövründə orqanizmin suya olan tələbatı daha da artır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.