Ötən il abituriyentlərin seçimində ən nüfuzlu ixtisaslar müəyyənləşib

Ötən il abituriyentlərin seçimində ən nüfuzlu ixtisaslar müəyyənləşib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

I ixtisas qrupu istisna olmaqla digər bütün ixtisas qruplarında Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Kompüter elmləri” ixtisasına üstünlük veriblər.

Bildirilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur:

“Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan, müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Aparılan müqayisə zamanı müsabiqəsində iştirak etmək üçün ümumi bala qoyulan tələb 200-dən az olan ixtisaslar nəzərə alınmayıb. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib”.

Əvvəlki məqalə

Baş nazirin sədrliyi ilə tranzit imkanlarının inkişafına dair iclas keçirilib

Sonrakı məqalə

Abituriyentləri sabit olaraq yüksək nəticə göstərən şəhər və rayonlar açıqlanıb –